Artan yanacaq qiymətləri hansı sahələrə təsir edəcək? - İqtisadçı AÇIQLADI
Məlum olduğu kimi, ötən ilin sonunda Tarif Şurasının qərarı ilə ölkədə Aİ-92 markalı benzin və dizel yanacağının qiymətləri artırılıb.
Bu qiymət artımı hansı sahələrə öz təsirini göstərə bilər?
Bakı Ali Neft Məktəbinin kafedra müdiri, iqtisadçı Altay İsmayılov mövzu ilə əlaqədar Patrul.az-a fikirlərini bölüşüb:
92 markalı benzin və dizel yanacağının qiymət artımı kontekstində ümumi yanaşma ondan ibarətdir ki, yanacaq xərci müəssisələrin və şirkətlərin fəaliyyətində əsas xərclərdən biridir. Qiymət artımı baş verdikdə, onun birbaşa və dolayı təsir göstərdiyi sahələr yaranır”.
İqtisadçı bildirib ki, bu qərarın təsiri birbaşa olaraq yanacaqla işləyən sahələrə aiddir:
“Bu sahələrdə yanacaq xərci əməliyyatların ayrılmaz hissəsidir və qiymət artımı dərhal xərclərə təsir edir. Məsələn, yükdaşıma və logistika xidmətləri bu qəbildəndir. Azərbaycanda avtomobil nəqliyyatının yükdaşımalardakı payı əhəmiyyətli olduğundan, dizel yanacağının bahalaşması bu sahədə qiymət artımına səbəb olacaq. Bu da həm daşıma, həm də anbar və paylama xidmətlərində məhsul başına düşən xərclərin yüksəlməsinə gətirib çıxaracaq”.

A.İsmayılovun sözlərinə görə, yanacaq xərclərinin dolayısı ilə təsir etdiyi sahələrə isə daha çox ərzaq, pərakəndə ticarət, istehlak məhsulları daxildir:
“Bu təsirlər daha geniş spektrə yayılır, çünki logistika zəncirində olan hər bir addım yanacaqla əlaqəlidir. Xüsusilə soyuducu yük maşınları və fasiləsiz logistika tələb edən məhsullarda bu təsir daha güclü hiss olunacaq.
Yanacağın qiymət artımının ümumi təsir dərəcəsini konkret rəqəmlərlə ifadə etmək çətindir. Bu, sahədən və həmin sahədə yanacağın əməliyyat xərclərindəki payından asılıdır. Əgər bu pay 10–40% arasındadırsa, qiymət artımı da təxminən 1–3% civarında təsir göstərə bilər”.
Həmsöhbətimiz digər təsirlənəcək sahənin kənd təsərrüfatı olduğunu söyləyib:
“Bu sektorda dizellə işləyən texnikalar – traktorlar, kombaynlar, suvarma nasosları geniş istifadə olunur. Hal-hazırda birbaşa təsir müşahidə olunmasa da, mövsüm yaxınlaşdıqca (əkin, biçin dövrü) bu təsirlər özünü göstərəcək. Həm məhsulun maya dəyərində, həm də bazara çıxarılmasında daşınma xərcləri vasitəsilə qiymətlərə artım yönümlü təsir edəcək.
Tikinti və infrastruktur sektoru da bu artımdan təsirlənəcək. Texnikaların işlədilməsi və tikinti materiallarının daşınması yanacağa bağlı olduğundan, bu da qiymət artımı ilə nəticələnəcək.
Makroiqtisadi baxımdan isə müxtəlif sahələrdə xərclərin artması ümumi qiymət səviyyəsinə təsir edəcək və inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Yəni, yanacağın qiymət artımı 2026-cı ildə inflyasiya göstəricilərində müəyyən paya sahib olacaq”,– deyə o əlavə edib.
Ləman Sərraf






