Artıq siqaretlər yalnız şəxsiyyət vəsiqəsi ilə alınacaq! - Azərbaycan bu sistemə hazırdırmı?
Son dövrlərdə Türkiyədə siqaret alışı zamanı şəxsiyyət vəsiqəsinin təqdim olunması və yaş yoxlamasının məcburi edilməsi məsələsi müzakirə olunur. Bu addımın əsas məqsədi azyaşlıların tütün məhsullarına çıxışını tam nəzarət altına almaq və satış prosesini daha ciddi qaydalara bağlamaqdır. Belə bir sistemin tətbiqi həm satıcıların məsuliyyətini artırır, həm də qanunsuz satışların qarşısını almağa yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Bu kontekstdə Azərbaycanda da oxşar qaydaların tətbiqi ilə bağlı müzakirələr aktuallaşa bilər.
Bəs, ölkəmizdə siqaret satışında şəxsiyyət vəsiqəsi ilə yaş yoxlaması sisteminin tətbiqi azyaşlıların tütün məhsullarına çıxışının qarşısını almaqda nə dərəcədə effektiv ola bilər?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, azyaşlılara tütün məmulatlarının satışı qanunla qadağan olunsa da, zəif nəzarət bu qadağanın praktik icrasını zəiflədir:
“Azyaşlıların sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satışının məhdudlaşdırılması mühüm hüquqi və sosial məsələ kimi aktuallığını qoruyur.
Azərbaycan Respublikasında bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 455.2-ci maddəsinə əsasən:
Etil (qida) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə fiziki şəxslər yüz manat məbləğində cərimə edilir.
Bu norma formal olaraq azyaşlılara satışın qadağan edildiyini göstərsə də, praktikada əsas problem sübutetmə və nəzarət mexanizmlərinin zəifliyidir. Satıcı çox zaman alıcının yaşını dəqiq müəyyən edə bilmir və ya bunu yoxlamağa maraqlı olmur”.

N. Əliyev qeyd edir ki, Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsinin tələb olunması azyaşlıların tütünə çıxışını azaltmağa yönəlsə də, nəticə effektivliyi nəzarət və icra mexanizmlərindən asılıdır:
“Son dövrlərdə Türkiyə-də siqaret və digər tütün məhsullarının satışı zamanı şəxsiyyət vəsiqəsinin tələb olunması məsələsi geniş müzakirə olunur. Bu yanaşmanın məqsədi sadədir: satıcı subyektiv qiymətləndirməyə deyil, rəsmi sənədə əsaslansın.
Bu model bir sıra ölkələrdə artıq tətbiq olunur və “yaş yoxlama mexanizmi” kimi effektiv profilaktik vasitə hesab edilir.
Mövcud qanunvericilikdə birbaşa “şəxsiyyət vəsiqəsi tələb etmə öhdəliyi” nəzərdə tutulmayıb.
Şəxsiyyət vəsiqəsinin tələb olunması qaydası nəzəri olaraq effektiv görünür. Lakin onun real nəticə verməsi bir neçə amildən asılıdır:
1. Nəzarət mexanizmi
Əgər yoxlama yalnız kağız üzərində qalacaqsa, qaydanın tətbiqi formal xarakter daşıyacaq.
2. Sahibkar məsuliyyəti
Cərimələrin aşağı olması (100 manat) bəzi hallarda çəkindirici təsir yaratmır. Bu səbəbdən cərimələrin artırılması və ya təkrar pozuntular üçün daha sərt sanksiyalar tətbiq edilə bilər.
3. Sosial davranış
Azyaşlılar çox vaxt siqareti birbaşa almır, böyüklər vasitəsilə əldə edir. Bu halda şəxsiyyət vəsiqəsi yoxlanışı problemi tam həll etmir.
4. Rəqəmsal həllər
Yaş təsdiqləmə sistemləri tətbiq olunarsa, insan faktorunun təsiri azalar”.
Hüquqşünasın sözlərinə görə, azyaşlıların tütünə çıxışını məhdudlaşdırmaq üçün şəxsiyyət vəsiqəsi yoxlanışı Azərbaycanda tətbiq oluna bilər, lakin bunun effektivliyi yalnız gücləndirilmiş nəzarət və sərt tədbirlərlə mümkündür:
“Şəxsiyyət vəsiqəsinin tələb olunması qaydası Azərbaycanda tətbiq oluna biləcək və hüquqi baxımdan tam mümkün mexanizmdir. Lakin bu addım təkbaşına problemi həll etmir. Effektiv nəticə üçün kompleks yanaşma tələb olunur: cərimələrin sərtləşdirilməsi, nəzarətin gücləndirilməsi və ictimai maarifləndirmə.
Belə bir yanaşma yalnız hüquqi norma kimi deyil, real işləyən sistem kimi qurularsa, azyaşlıların tütün məmulatlarına çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq mümkündür”.
Cəmilə Cəfərzadə






