Atomlar necə yaranıb? - MARAQLI
Atomlar kainatın başlanğıcı kimi qəbul edilən “Böyük Partlayış”dan sonra yaranmağa başlayıb. Bu nəzəriyyəyə görə, dünya böyük partlayışlar nəticəsində ortaya çıxıb. Fiziklərin fikrincə, bu hadisədən sonra hər şey, yəni işıq, zaman və maddə yaranmağa başlayıb.
Patrulaz.az-ın məlumatına görə, partlayış nəticəsində proton və neytron kimi kiçik hissəciklər əmələ gəlib. Bir neçə dəqiqə sonra bu hissəciklər birləşərək hidrogen və helium nüvələrini formalaşdırıb. Ancaq atomların tam formalaşması, yəni nüvənin ətrafında elektronların yerləşməsi kainat soyuyandan sonra, təxminən 400 min il sonra baş verib.
Atomların yaranma tarixi

Kainatın yaranmasından dərhal sonra, inanılmaz dərəcədə yüksək temperatur və sıxlıq şəraitində proton və neytron adlı subatom hissəciklər əmələ gəlib. Bir neçə dəqiqə ərzində bu hissəciklər birləşərək hidrogen və heliumun nüvələrini yaradıb.
Lakin atomların tam formalaşması üçün kainat soyumalı idi. Yəni, partlayışdan sonra dünyanın temperaturu aşağı düşməli idi. Təxminən 400 min il sonra, temperatur elə səviyyəyə düşdü ki, elektronlar nüvələrin ətrafında orbitə otura bildi. Bu mərhələ nəticəsində ilk sadə atomlar olan hidrogen və helium əmələ gəldi. Bu iki element bu gün də kainatdakı maddənin 98%-ni təşkil edir.
Bəs karbon, oksigen, dəmir kimi daha ağır elementlər haradan yaranıb?

İnanılmaz kimi, görünsə də hidrogen və heliumdan ağır atomlar, məsələn karbon, oksigen, dəmir ulduzların içində yaranıb. Belə ki, ulduzların yüksək temperaturunda atom nüvələri birləşərək daha ağır elementlər əmələ gətirir. Ulduzlar daxilində mövcud olan yüksək temperatur və təzyiq şəraitində “nüvə birləşməsi” adlı proses baş verir. Bu zaman yüngül atomlar birləşərək daha ağır atomları əmələ gətirir. Məsələn, hidrogendən helium, heliumdan karbon… Beləliklə getdikcə daha mürəkkəb elementlər yaranır.
Qızıl, uran və digər ağır elementlər necə yaranıb?

Ən ağır elementlər isə məsələn qızıl, uran ulduz partlayışları və ya neytron ulduzlarının toqquşması zamanı əmələ gəlib. Bu hadisələrdə çox böyük enerji açığa çıxır, bu da daha mürəkkəb atomların formalaşmasına imkan verir.
Ulduzlar ömrünü bitirdikdə “fövqəlnova” adlanan nəhəng partlayışla məhv olur. Bu anda baş verən enerji partlayışı zamanı dəmirdən daha ağır olan elementlər, məsələn qızıl, platina, uran və digərləri əmələ gəlir, nəticədə kosmosa yayılır.
Bu atomlar zamanla ulduzları, planetləri, canlıları və bizi təşkil edib. Yəni, bədənimizi təşkil edən atomlar milyardlarla il əvvəl ulduzlarda doğulub. Əslində, biz hamımız bir az “ulduz tozuyuq”.
Gülbəniz Səfərova






