media-inshot_20260112_173413506

Yeni qərara əsasən, cari ildən Azərbaycan vətəndaşlarına verilən attestatlar, diplomlar və sertifikatlar yalnız elektron qaydada təqdim ediləcək. 

Sözügedən qərar ictimaiyyət arasında müzakirələrə səbəb olub. 

Bəs yeni qaydaların üstünlükləri nədən ibarətdir?

Mövzu ilə bağlı Patrul.az-a danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, belə bir qərarın qəbul olunması uzun müddətdir gözlənilirdi:

“Biz əvvəlki dövrlərdə dəfələrlə bu təklifi irəli sürürdük – yəni dövlət başçısına, Prezidentin müvafiq tapşırıqlarına əsaslanaraq ekologiyanın qorunması və rəqəmsallaşmaya keçidlə bağlı addımlar atılmalı idi.

Rəqəmsallaşmaya keçid tələbi ondan ibarət idi ki, bəzi sənədlər, xüsusilə də dövlət nümunəli sənədlər elektronlaşdırılsın. Onlardan biri də diplom və attestatlardır. Bilirsiniz ki, bu sənədlər üçün nə qədər kağız istifadə olunur və kağız istehsalı üçün nə qədər ağac kəsilir. Bu baxımdan, ekoloji tarazlığın qorunması üçün biz elektron diplomların verilməsini dəstəkləyirik”.

media-inshot_20260112_172510518

Ekspert diplomların elektron formada verilməsinin üstünlüklərini sadalayıb:

“1. İşlərin sürətlənməsi – Diplomlar daha qısa müddətdə təqdim olunacaq.

2. Əlçatanlıq – Hər hansı iş müraciəti zamanı artıq vətəndaşın kağız daşıyıcısına ehtiyacı qalmayacaq. Sistemə daxil edilən kimi diplom və diplom əlavəsi sistemdə əks olunacaq.

3. Obyektivlik və şəffaflıq – Əgər əvvəllər diplomda hər hansı saxta qiymət yazılması ehtimalı var idisə, elektron sistemdə bu mümkün olmayacaq.

4. İtki riski aradan qalxır – Əvvəllər vətəndaş attestat və ya diplomunu itirdikdə, bu sənədlərin bərpası üçün aylarla vaxt tələb olunurdu. Mütləq qəzetdə elan verilməli, hüquq-mühafizə orqanlarına məlumat verilməli, təhsil müəssisəsinə ərizə ilə müraciət edilməli və sənədin dublikatı təqdim olunmalı idi. Bu isə ən azı 1 ay, maksimum 2 aya qədər vaxt aparırdı.

İndi isə bu proses maksimum 10 gün ərzində başa çatacaq. Hətta itki halında belə sənəd sistemdə mövcud olacaq və yenidən çıxarılması çox asan olacaq. Bu da vətəndaşlar üçün əlçatanlığın təmin olunması baxımından böyük müsbət məqamdır. Eyni zamanda bu addım ekoloji balansın qorunmasına xidmət edir”.

“Qısası, rəqəmsallaşma və müasir informasiya dövründə belə bir qərarın qəbulu insanların komfortu və rahatlığı baxımından əhəmiyyətli bir irəliləyişdir”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər