“Avant Park”da narazılıqlar böyüyür: ƏDV qaytarılmır, təhlükəsizlik avadanlıqları quraşdırılmayıb - VİDEO
Patrul.az redaksiyasına müraciət edən bir qrup vətəndaş Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksində üzləşdikləri problemlərlə bağlı narazılıqlarını bildiriblər. Sakinlərin şikayətlərini yerində araşdırmaq üçün Patrul.az əməkdaşları qeyd olunan ünvana gedərək vəziyyətlə yaxından tanış olublar.
Mənzil alan vətəndaşların əsas narazılığı kompleksdən ev alan təxminən 400 sakinin mənzil alışı zamanı ödənilmiş ƏDV məbləğini geri ala bilməməsidir. Onların sözlərinə görə, “Avant Park” şirkəti satış zamanı ƏDV ödənişlərini alıcıların adı ilə deyil, öz adı ilə rəsmiləşdirdiyinə görə vergi sistemində hər bir sakin üçün ayrıca depozit hesabı yaranmayıb. ƏDV-nin geri qaytarılması məhz həmin elektron depozit hesabları üzərindən aparıldığı üçün alıcının adına hesab görünmədiyindən, ödənilmiş ƏDV-nin qaytarılması texniki olaraq mümkün olmur. Sakinlər bildirirlər ki, ödənişlər onların adı ilə rəsmiləşdirilsəydi, depozit hesabı avtomatik açılacaq və ƏDV məbləğləri geri qaytarılacaqdı.
Sakinlərin digər narazılıqları kompleksin ümumi vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, yaşayışın başlamasına baxmayaraq binalarda tamamlama işləri hələ də yekunlaşdırılmayıb. 2024-cü ilin iyun ayında tam təhvil verilməsi planlaşdırılan kompleksdə işlərin bir qismi hazırda da tamamlanmayıb. Bir çox mənzildə yaşayış başlamasına baxmayaraq, binanın rəsmi təhvili gecikir. Sakinlərin ən ciddi narazılıqlarından biri də təhlükəsizlik avadanlıqlarının tam quraşdırılmamasıdır. Bildirilir ki, bloklarda yanğın zamanı istifadə olunmalı olan hidrant qutularında şlanq və digər vacib avadanlıqlar yoxdur. Bu isə fövqəladə vəziyyət zamanı operativ müdaxilə imkanlarını məhdudlaşdırır və sakinlərin təhlükəsizliyi üçün real risk yaradır. Aidiyyəti qurumlara edilən müraciətlərin cavabsız qalması narazılığı daha da artırır.
“Avant Park” rəhbərliyindən Patrul.az-a verilən rəsmi açıqlamada bildirilib ki, problem mənzil almış sakinlərlə vergi orqanı arasında yaranmış prosedur məsələsindən qaynaqlanır. Şirkətin məlumatına görə, ƏDV-nin tətbiq edildiyi dövr olan 2022-ci ildə mənzil alan bəzi sakinlər çətinliklərlə üzləşiblər. Lakin həmin tarixdən sonra mənzil alan vətəndaşların ƏDV məbləğlərini problemsiz şəkildə geri aldıqları qeyd olunur.
Şirkət əlavə edib ki, bir sıra sakinlər məsələ ilə bağlı məhkəməyə müraciət ediblər və şirkət olaraq onlara sənədlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənməsi üçün dəstək göstərilir. Mənzil sahibləri ilə mütəmadi görüşlərin keçirildiyi, son görüşün isə 17 noyabr tarixində baş tutduğu bildirilib. Hər gün beş nəfər mənzil sahibinin ofisə dəvət olunduğu, onlara tələb olunan sənədlərin təqdim edildiyi və dekabr ayının sonuna qədər bütün sakinlərin növbə ilə qəbul ediləcəyi açıqlanıb.
Rəhbərliyin mövqeyinə görə, ƏDV-ni qaytaran qurum mənzil satan şirkət deyil, vergi orqanıdır. “Avant Park” rəhbərliyi prosesin daha operativ və şəffaf şəkildə həll olunması üçün üzərlərinə düşən bütün addımları atdıqlarını vurğulayıb.
Sakinlər isə “Avant Park” rəhbərliyinin bu açıqlamasını qəti şəkildə təkzib ediblər. Onların sözlərinə görə, şirkətin “hər gün beş sakinin qəbul edilməsi” barədə iddiası həqiqəti əks etdirmir. Sakinlər bildiriblər ki, iki ilə yaxındır müxtəlif bəhanələrlə onları get-gələ salmaqdan başqa heç bir real addım atılmayıb. Onlar hesab edirlər ki, məsələni vergi orqanlarının üzərinə atmaqla “Avant Park” rəhbərliyi öz məsuliyyətindən yayınmağa çalışır.






