media-4316a91

Yay aylarında avtomobil kondisioneri sürücülər üçün rahatlığın əsas vasitələrindən birinə çevrilir. 

Patrul.az-ın araşdırmasına görə, isti havalarda salonu sərinləşdirən bu sistemlər əksər hallarda təhlükəsiz hesab edilsə də, mütəxəssislər onların görünməyən risklər daşıya biləcəyini bildirirlər.

Həkim-allerqoloq Yelena Moskayevanın sözlərinə görə, lazımi qaydada qulluq edilməyən kondisioner sistemləri allergiya və tənəffüs problemlərinin yaranmasına səbəb ola bilər.

Mütəxəssis qeyd edir ki, avtomobilin ventilyasiya və kondisioner kanalları zamanla müxtəlif mikroorqanizmlərin toplandığı mühitə çevrilə bilir. Burada kif göbələkləri, toz gənələri, bakteriyalar, toz hissəcikləri və bitki tozcuqları yığılır. Kondisioner işə salındıqda isə bu hissəciklər hava axını ilə birlikdə salonun içinə yayılır və sürücü ilə sərnişinlər tərəfindən nəfəs yolu ilə qəbul edilir.

Xüsusilə allergiyaya meylli şəxslər üçün bu vəziyyət ciddi narahatlıq yarada bilər. Burun axması, asqırma, gözlərin sulanması, boğaz qıcıqlanması, öskürək və hətta nəfəsalma çətinliyi kimi əlamətlər bəzən məhz çirkli kondisioner sistemindən qaynaqlanır. Astma və digər xroniki tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanlar isə daha yüksək risk qrupuna daxildir.

Mütəxəssislər kondisioner sistemində çirklənmənin yaranmasını göstərən bəzi əlamətlərin olduğunu bildirirlər. Bunlardan biri sistem işə salınarkən hiss edilən xoşagəlməz və ya kifə bənzər qoxudur. Digər əlamət hava axınının zəifləməsi və ya salonun əvvəlki kimi sərinləməməsidir. Şüşələrin tez-tez dumanlanması da ventilyasiya sistemində problemlərin yarandığını göstərə bilər.

Araşdırmalar göstərir ki, qapalı və rütubətli mühitlər kif göbələklərinin çoxalması üçün əlverişli şərait yaradır. Kondisioner sistemində yaranan nəmlik də bu prosesə şərait yarada bilər. Buna görə də mütəxəssislər avtomobil sahiblərinə hava filtrlərini mütəmadi dəyişdirməyi, ventilyasiya kanallarını təmizlətməyi və kondisioner sisteminə texniki baxış keçirməyi tövsiyə edirlər.

Maraqlıdır ki, bir çox insan allergiya əlamətlərinin mənbəyini uzun müddət müəyyən edə bilmir. Halbuki problem bəzən hər gün istifadə olunan avtomobilin daxilində gizlənə bilər. Kondisionerin təmiz saxlanılması təkcə rahatlıq deyil, həm də sağlamlığın qorunması baxımından vacib hesab olunur.

Mütəxəssislərin fikrincə, avtomobil kondisioneri düzgün qulluq edildikdə təhlükə mənbəyi deyil. Lakin filtr və ventilyasiya sistemlərinin uzun müddət təmizlənməməsi görünməyən allergenlərin toplanmasına səbəb olur. Buna görə də yay mövsümündə sərin havadan zövq almaq üçün ilk növbədə kondisionerin sağlamlıq üçün təhlükəsiz olduğundan əmin olmaq lazımdır.

Ləman Sərraf


Bənzər xəbərlər