media-photo-output

Son günlər avtomobil alqı-satqısı zamanı fırıldaqçılıq halları və alıcıların şikayətləri artıb. Bəzi şəxslər sənədlərdə saxtakarlıq edir, bəziləri isə avtomobilin real texniki vəziyyətini gizlədir. Bu kimi hallar alıcıların daha ehtiyatlı davranmasını zəruri edir.

Bəs avtomobil alqı-satqısı zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?

Hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, əsas məqam avtomobilin satıcının adına olması və həyat yoldaşının razılığıdır:

“İlk növbədə avtomobilin şəhadətnaməsinə baxmaq lazımdır ki, həmin nəqliyyat vasitəsi satmaq istəyən şəxsin adına qeydiyyatdadır, ya yox. Prinsipcə buna qeydiyyat orqanları, yəni Daxili İşlər Nazirliyi nəzarət edir. Hər kəsin diqqət etməli olduğu əsas məqam isə satıcının həyat yoldaşının razılığıdır. Çünki razılıq olmadığı halda sabah həmin şəxs iddia edə bilər ki, bu avtomobil birgə mülkiyyət sayılır və bunu məhkəmə qaydasında mübahisələndirə bilər”.

Hüquqşünas vurğulayır ki, etibarnamə ilə alqı-satqı etibarsızdır və hər an ləğv oluna bilər:

“Bəziləri alqı-satqını guya etibarnamə əsasında həyata keçirir. Bu, yol verilən hal deyil. Etibarnamə sadəcə olaraq ‘mənim adımdan get, nəsə et’ səlahiyyəti verən bir sənəddir. Etibarnaməni verən şəxs istənilən vaxt onu geri götürə bilər. Həmin şəxs vəfat etdikdə də etibarnamə avtomatik olaraq qüvvədən düşür. Əsas məqamlardan biri də odur ki, əgər etibarnaməni verənin borcu varsa, avtomobil hələ də onun adına olduğu üçün borca görə müsadirə oluna bilər. Yəni etibarnamə ilə alqı-satqı olmur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər