media-photo-output

Son illərdə avtomobillərdə yüksək səslə musiqi dinləmək halları artıb və bu, həm digər sürücülər, həm də yaşayış massivlərində yaşayan insanlar üçün ciddi narahatlıq yaradır. Belə vəziyyətlər yol hərəkətinin təhlükəsizliyinə də mənfi təsir göstərə bilər.

Bəs yolda yüksək səslə musiqi dinləyən şəxslər hüquqi baxımdan hansı məsuliyyətlə üzləşə bilər və onlara hansı cərimələr tətbiq olunur?

Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, gecə saatlarında avtomobildən gələn gur səs-küy 150–200 manat cərimə ilə cəzalandırılır:

“Ümumiyyətlə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə işlətdirməyə, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimə edilir. Bu norma avtomobillərdən gələn səs-küyə də aiddir.”

Hüquqşünas həmçinin vurğulayıb ki, səs-küy və vibrasiya normalarının pozulmasına görə fiziki şəxslər 200–300 manat cərimələnir və gecə saatlarında bu nəzarəti DİN həyata keçirir:

“Bundan başqa, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müəyyən edilmiş normalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər isə 8000 manatdan 10000 manatadək cərimə edilir. Əlavə olaraq qeyd edim ki, gecə vaxtı saat 23:00-dan səhər saat 06:00-dək nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçir.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər