media-inshot_20260520_154327612

“WUF-13 çərçivəsində minlərlə xarici qonağın Azərbaycana gəlməsi ölkə üçün həm siyasi, həm iqtisadi, həm də turizm baxımından mühüm imkanlar yarada bilər. Belə beynəlxalq tədbirlər dünyanın müxtəlif ölkələrindən nümayəndələri, ekspertləri, investorları və media qurumlarını bir araya gətirdiyi üçün Azərbaycan haqqında formalaşan təsəvvürün daha da müsbət istiqamətdə dəyişməsinə kömək edir. Xarici qonaqlar ölkənin təhlükəsizliyi, müasir infrastrukturu, qonaqpərvərliyi və inkişaf səviyyəsini yaxından gördükcə, bu da Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir”.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun ölkəmiz üçün açacağı imkanlar barədə Patrul.az-a açıqlamasında bildirib.

Deputat bildirib ki, xarici qonaqların gəlişi həm yerli gəlirləri artırır, həm də Azərbaycanın turizmini tanıdır:

“Bu cür tədbirlər turizm sektoruna da ciddi töhfə verir. Xaricdən gələn qonaqlar hotellərdə qalır, restoranlardan, nəqliyyatdan və müxtəlif xidmət sahələrindən istifadə edirlər. Bu isə yerli biznesin gəlirlərini artırır. Eyni zamanda, tədbir iştirakçıları Bakının və digər bölgələrin tarixi, mədəniyyəti və turizm imkanları ilə tanış olduqları üçün gələcəkdə yenidən turist kimi qayıtmaq və ya ölkəni başqalarına tövsiyə etmək ehtimalı artır. Beynəlxalq mediada yayılan görüntülər və xəbərlər də Azərbaycanın turizm potensialının tanıdılmasına əlavə dəstək verir”.

media-img-20260520-wa0021

A. Hüseynov qeyd edir ki, forum yeni əməkdaşlıqlar və investisiya imkanları yaradaraq Azərbaycanın müxtəlif sahələrinə xarici marağı artırır və iqtisadi aktivliyi gücləndirir:

“WUF-13 kimi böyük platformalar iqtisadi əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətlidir. Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri arasında yeni əməkdaşlıqlar, investisiya imkanları və biznes əlaqələri formalaşa bilər. Xarici şirkətlər Azərbaycanın nəqliyyat, logistika, tikinti, yaşıl enerji və şəhərsalma sahələrindəki potensialını daha yaxından görərək gələcək layihələrə maraq göstərə bilərlər. Bu isə uzunmüddətli dövrdə yeni investisiyaların cəlb olunmasına və iqtisadi aktivliyin artmasına səbəb ola bilər”.

Onun sözlərinə görə, beynəlxalq tədbirlərin uğurla keçirilməsi Azərbaycanın ev sahibliyi təcrübəsini artırır və ölkənin qlobal nüfuzunu gücləndirir:

“Bundan başqa, belə beynəlxalq tədbirlərin uğurla təşkili Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etmək təcrübəsini də gücləndirir. Bu, gələcəkdə digər nüfuzlu forumların, idman yarışlarının və beynəlxalq konfransların ölkədə keçirilməsi üçün əlavə üstünlük yaradır. Nəticədə Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə daha tanınan və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər