media-inshot_20250814_193136884

“Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi regionunun mənzərəsini tamamilə dəyişə bilər. Çünki dəhlizin açılışı ilə bu bölgədə bir-biri ilə əlaqəsi olmayan dövlət qalmayacaq. Zəngəzur dəhlizi elə bir çoxcəhətli seqmentdir ki, onun açılması region dövlətlərini, həmçinin Mərkəzi Asiya ölkələrini Azərbaycanın və bu bölgənin üzərindən Avropaya bağlamaqda geniş perspektivlər açacaq”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Politoloq avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında bağlanmış Birgə Sülh Bəyannaməsi üzrə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərə münasibət bildirərək, bu layihənin reallaşması nəticəsində regional ölkələr arasında əlaqələrin genişlənəcəyini vurğuladı.

Onun sözlərinə görə, 1920-ci ildə Sovet hökumətinin Zəngəzur ərazisini Ermənistana verməsi nəticəsində bölgə ölkələrinin əlaqələrinə dəyən zərər, dəhlizin açılması ilə yenidən bərpa olunacaq:

“Zəngəzur dəhlizi bütün regionun uğur və inkişaf şansıdır. Vaxtıykən, Zəngəzurdakı həmin ərazinin Sovet hökuməti tərəfindən Azərbaycandan qoparılaraq, Ermənistana verilməsi bölgə dövlətlərinin inteqrasiyasına hələ o dövrdən mənfi təsir göstərməyə başlamışdı. Əslində bu kiçik ərazinin ölkəmizdən ayrılıb, Ermənistana verilməsinin heç bir mənası yox idi. Əgər İran və SSRİ-nin münasibətləri o qədər də normal deyildisə, o cümlədən İran və Azərbaycanın SSRİ-nin Naxçıvan tərəfdə sərhədi var idisə, üstəlik Ermənistan-İran sərhədinin yaradılmasının bir mənası yox idi. Amma Sovet hökumətinin o zaman əsas siyasəti məhz həmin kiçik ərazini Ermənistana verərək, Zəngəzur kimi bir “bıçaq aləti”ni Türk dünyasının ortasına sapladılar. Amma bu gün dəhlizin açılması ilə bağlı aparılan müzakirələri böyük inkişaf və rifadan xəbər verir. Bu bölgə dövlətləri arasında əlaqələrin şaxələnərək intensivləşəcəyi deməkdir. Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, Avrasiyada da çox geniş miqyaslı geosiyasi və geoiqtisadi inteqrasiya layihəsidir”.

A.Quliyev Zəngəzur dəhlizinin açılması ilə bir-birinə çıxışı təmin olunacaq dövlətləri sadalayaraq, Azərbaycanın regiondakı strateji əhəmiyyətini xüsusi vurğuladı:

“Zəngəzur dəhlizinin açılması ilə bölgədə yük daşıma imkanları, nəqliyyatın intensivliyi xeyli dərəcədə artacaq və humanitar əlaqələr genişlənəcək. Azərbaycanla-Ermənistan arasında 30 il ərzində dayanmış olan bütün əlaqələr daha geniş şəkildə bərpa olunacaq. O cümlədən, ölkəmizlə Türkiyə arasında birbaşa əlaqələr yaranacaq. Mərkəzi Asiyanın Avropa və Türkiyə arasında Azərbaycan üzərindən yeni bir inteqrasiya seqmenti fəaliyyətə başlayacaq. İranın özünün ölkəmizlə əlaqələri xeyli genişlənəcək. Belə ki, rəsmi Tehran Naxçıvan vasitəsilə Zəngəzur dəhlizi üzərindən Türiyəyə və oradan Avropaya yeni çıxış imkanları yaranacaq. İranın həmçinin, Ermənistan üzərindən Gürcüstan vasitəsilə Qara dəniz və Avropaya çıxışı təmin olacaq. Bunlarla yanaşı, hətta İranın dəmir yolu və avtomobil əlaqələri formasında Rusiya ilə yeni əlaqələri yarana bilər”.

Aydın Quliyevin sözlərinə görə, Zəngəzur dəhlizi təkcə regional dövlətlər arasındakı əlaqələri genişləndirməklə kifayətlənməyəcək, həm də iqtisadi baxımdan mühüm faydalar verəcək:

“İndidən aparılan hesablamalara görə, Zəngəzur dəhlizinin üzərindən ən azı ildə 100 milyard dollarlıq ticarət aparmaq mümkündür. Bu da Ermənistan üçün xüsusilə vacibdir. Çünki bütün regional inteqrasiya və investisiya layihələrindən kənarda qalmış Ermənistanın birdən-birə belə bir gəlir mənbəyinə sahib olması dövlətin çiçəklənməsi üçün perspektiv olacaq. Bir sözlə, Zəngəzur dəhlizi regionun və ayrılıqda region dövlətlərinin yeni uğur və inkişaf şansıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər