media-img-20260514-wa0074

“Bakıda keçiriləcək World Urban Forum 13 Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf gündəmini beynəlxalq səviyyədə təqdim etmək üçün mühüm platforma hesab olunur. Forum çərçivəsində ölkənin bir neçə əsas prioriteti ön plana çıxarması gözlənilir”.

Bu mühüm tədbirin Bakıda təşkilinin ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, azad edilmiş ərazilərdə “ağıllı şəhər” prinsipləri əsasında müasir və ekoloji yenidənqurma aparılır:

“İlk növbədə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və “ağıllı şəhər” konsepsiyası diqqət mərkəzində olacaq. Azərbaycan bu layihələri müasir urbanizasiya modeli kimi təqdim etməyə çalışacaq. Xüsusilə enerji səmərəliliyi, rəqəmsal idarəetmə, yaşıl nəqliyyat və ekoloji yanaşmalar beynəlxalq auditoriyaya nümayiş etdirilə bilər”.

media-img-20260428-wa0037-1

A. Hüseynov qeyd edir ki, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat, urbanizasiya və beynəlxalq əməkdaşlıq Azərbaycanın şəhərsalma və investisiya imkanlarını genişləndirir:

“Digər vacib istiqamət dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatdır. Son illərdə ölkədə alternativ enerji, ekoloji şəhərsalma və karbon emissiyalarının azaldılması ilə bağlı təşəbbüslər genişlənib. Forum Azərbaycanın bu sahədə regional əməkdaşlıq imkanlarını artırması üçün əlavə platforma yarada bilər.

Bununla yanaşı, Bakı urbanizasiya və nəqliyyat sahəsində həyata keçirilən layihələri də ön plana çıxarmağa çalışacaq. Şəhər infrastrukturunun yenilənməsi, ictimai nəqliyyatın inkişafı və rəqəmsal xidmətlərin genişləndirilməsi forum iştirakçıları üçün maraqlı mövzulardan biri ola bilər.Forumun ən mühüm nəticələrindən biri beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi ola bilər. Tədbirə müxtəlif ölkələrdən hökumət nümayəndələri, investorlar, şəhərsalma ekspertləri və beynəlxalq təşkilatlar qatılacaq. Bu isə Azərbaycana yeni investisiya layihələri, texnologiya tərəfdaşlıqları və şəhər inkişafı üzrə beynəlxalq proqramlara çıxış baxımından əlavə imkanlar yarada bilər”.

Deputatın sözlərinə görə, forum Azərbaycanın beynəlxalq imicini gücləndirərək Bakını qlobal şəhər inkişafı müzakirələrinin əsas mərkəzlərindən birinə çevirir:

“Eyni zamanda, forum ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərə bilər. Belə böyük tədbirlərin keçirilməsi Azərbaycanın regional diplomatik və iqtisadi mərkəz kimi mövqeyini gücləndirməyə xidmət edir. Bakı üçün bu forum həm də qlobal şəhər inkişafı müzakirələrinin aparıldığı əsas platformalardan birinə çevrilmək imkanı yaradır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər