“Azad sahibkarlığın inkişafına yaradılan şərait Azərbaycanı regional iqtisadi gücə çevirməkdədir” - DEPUTAT
“Azərbaycanın yeni iqtisadi güc mərkəzlərində strateji rolu bir neçə əsas faktorla müəyyən olunur. Qlobal iqtisadi nizam dəyişdikcə, xüsusilə Avrasiya məkanında yeni ticarət yolları, enerji axınları və logistik mərkəzlər formalaşır. Bu kontekstdə Azərbaycanın rolu bir neçə əsas istiqamətlərdə formalaşır”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolu günü-gündən artmaqdadır:
“Belə ki, Azərbaycan, xüsusilə Xəzər hövzəsindəki enerji resursları ilə Avropa və digər bazarlar üçün mühüm alternativ mənbədir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər dənizində istehsal olunan təbii qaz 12 ölkəyə, o cümlədən Avropanın 10 ölkəsinə ixrac olunur. Bu isə Azərbaycanın Avropanın enerji şaxələndirməsində önəmli rol oynamasına gətirib çıxarmışdır. Azərbaycan həm də geniş yaşıl enerji gündəliyi ilə çıxış edən çox az ölkələrdəndir. Qarabağ və Naxçıvan bölgələri daxil olmaqla, bərpa olunan enerji sahəsində böyük potensiala sahibliyi Azərbaycanın enerji portfelini genişləndirir. Ölkəmiz istehsal ediləcək yaşıl enerji resurslarını da Avropaya nəql etmək layihələri üzərində işləyir”.
Millət vəkili bildirib ki, ərsəyə gətirdiyimiz Orta Dəhliz Çin ilə Avropa arasında yük daşımalarında Azərbaycanı mühüm tranzit ölkəyə çevirib:
“Bu gün BTQ dəmir yolu vasitəsilə Azərbaycan Avropa və Asiya arasında fiziki körpü rolunu oynayır. Növbəti hədəfimiz olan Zəngəzur dəhlizi isə Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsini bərpa etməklə yanaşı, regionda yeni logistik imkanlar yaradır və Ermənistan, İran, Türkiyə və Rusiya üçün də əhəmiyyətlidir.
Azərbaycan beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərməklə bu təşkilatların işinə yeni töhfələr verir. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrlik etməklə bu platformada inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edən aktiv ölkə kimi çıxış etdi. Həm də Türk Dövlətləri Təşkilatı, GUAM, ŞƏT və BMT-də fəal mövqeni nümayiş etdirir. Bu qurumlar vasitəsilə Azərbaycan həm iqtisadi, həm də siyasi nüfuzunu artırır”.
Deputat xatırladıb ki, Azərbaycan Regional Sabitlik və İnkişaf Layihələrində liderlik edir:
“Ərazilərini erməni işğalından azad edilən ilk günündən başlayaraq Qarabağ və Şərqi Zəngəzurda yenidən qurma və bərpa işləri sürətlə aparır. Bu bölgələrin bərpası həm daxili iqtisadi inkişaf, həm də regional əməkdaşlıq baxımından stratejidir. Ölkəmizdə qəbul olunan yeni qanunlar və yaradılan azad iqtisadi zonalar xarici investorlar üçün cəlbediciliyini artırmışdır. Ələt Azad İqtisadi Zonası, Sənaye parkları investorların maraqında olan ərazilərə çevrilmişdir. Azad sahibkarlığın inkişafına yaradılan şərait Azərbaycanı regional iqtisadi gücə çevirməkdədir. Bu da region ölkələrin ölkəmizlə əməkdaşlıq etmək maraqlarını artırır”.
Ləman Sərraf