"Azərbaycan-BƏƏ əməkdaşlığı Qarabağın inkişafına yeni nəfəs gətirir" - Deputat
“Azərbaycan-BƏƏ əməkdaşlığı Qarabağın inkişafına yeni nəfəs gətirir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.
Millət vəkilin sözlərinə görə bağlanan memorandumlar və razılaşmalar yalnız diplomatik formalı addımlar deyil, həm iqtisadi əməkdaşlığı gücləndirmək, həm də strateji tərəfdaşlığı möhkəmləndirmək üçün xidmət edir:
“Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanan 14 sənəd ikitərəfli münasibətlərə yeni nəfəs gətirir və əməkdaşlığın miqyasını daha da genişləndirir. Son illərdə bağlanan memorandumlar və razılaşmalar sırf diplomatik jestlər deyil, iqtisadi əməkdaşlığı sürətləndirmək və strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədi daşıyır. Bu planlar investisiya qoyuluşundan tutmuş yaşıl enerji və kənd təsərrüfatına qədər bir çox prioritet sahələri əhatə edir.
Ən önəmli istiqamətlərdən biri qarşılıqlı sərmayələrin artırılması, birgə fondların yaradılması və energetika, kənd təsərrüfatı, texnologiya, infrastruktur kimi sahələrə kapital yatırılmasıdır. Bununla yanaşı, azad olunmuş ərazilərdə sənaye parklarının qurulması Qarabağın iqtisadi həyatına tamamilə yeni nəfəs gətirəcək. Burada yaradılacaq sənaye və emal müəssisələri yerli iqtisadiyyatı canlandıracaq, məşğulluğu artıracaq və bölgənin strateji əhəmiyyətini daha da möhkəmləndirəcək”.

A.Hüseynov Qarabağın günəş və külək enerjisi imkanları ilə BƏƏ-nin alternativ enerji təcrübəsi birləşdiyi halda, bu əməkdaşlıq həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələr yarada biləcəyini vurğulayıb:
“Xüsusi vurğulanmalı sahələrdən biri də bərpa olunan enerji mənbələridir. Qarabağın günəş və külək potensialı ilə BƏƏ-nin alternativ enerji təcrübəsi birləşdikdə, bu əməkdaşlıq həm ekoloji, həm də iqtisadi baxımdan mühüm nəticələr verə bilər. Bu, regionun yalnız bərpası deyil, həm də gələcəyə hesablanmış “yaşıl inkişaf modeli” deməkdir.
Kənd təsərrüfatı üzrə əməkdaşlıq da əhəmiyyətli nəticələr vəd edir. Yeni texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi Qarabağın münbit torpaqlarının səmərəli istifadəsinə imkan verəcək.
Bütün bu layihələrin Qarabağa təsiri isə olduqca aydındır. İnfrastrukturun – yolların, körpülərin, hava limanlarının, enerji və su-kanalizasiya şəbəkələrinin bərpası bölgədə insanların həyat şəraitini köklü şəkildə yaxşılaşdıracaq. Eyni zamanda, logistika və nəqliyyat marşrutlarının bərpası Qarabağı ölkənin digər bölgələri ilə sıx birləşdirəcək, ticarət və hərəkət azadlığını genişləndirəcək.
Beləliklə, Azərbaycan-BƏƏ əməkdaşlığı yalnız iqtisadi razılaşmalarla məhdudlaşmır. Bu tərəfdaşlıq Qarabağın dirçəlişinə güc qatır, regionun inkişafına yeni üfüqlər açır və Azərbaycanın azad edilmiş torpaqlarında tamamilə yeni bir həyatın qurulmasına xidmət edir”.
Xatırladaq ki, sentyabrın 16-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında geniş tərkibdə görüş keçirilib.
Görüş çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən 14 sənəd imzalanıb. Bunlara, o cümlədən, “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”, həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” daxildir.
Cəmilə Cəfərzadə






