"Azərbaycan-Çexiya əlaqələrində əsas hədəf iqtisadi diversifikasiyadır" - Tahir Mirkişili
“Prezident cənab İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər Bakı-Praqa münasibətlərində iqtisadi komponentin getdikcə daha ön plana çıxdığını göstərir. Siyasi dialoqun fəallaşması fonunda tərəflər artıq əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə daha şaxələndirilmiş və dayanıqlı iqtisadi tərəfdaşlıq modelinə keçidi hədəfləyirlər”.
Bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilə bağlı öz təəssüratlarını Patrul.az-la bölüşərkən deyib.
Deputat bildirib ki, Azərbaycan-Çexiya ticarət dövriyyəsi artsa da, əsas məqsəd əməkdaşlığı neftdən asılılığı azaltmaqla daha çoxşaxəli və biznes yönümlü iqtisadi əlaqələrə çevirməkdir:
“Mövcud rəqəmlər əməkdaşlığın dinamikasını aydın göstərir. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət tendensiyadır. Lakin bu göstəricinin strukturunda Azərbaycan neftinin dominant mövqeyi qalmaqdadır. Bu isə münasibətlərin iqtisadi baxımdan dərinləşdirilməsi üçün əsas çağırışı diversifikasiya zərurətini gündəmə gətirir. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, əsas məqsəd ticarət dövriyyəsinin yalnız həcmini deyil, struktur keyfiyyətini də yaxşılaşdırmaqdır. Bu kontekstdə Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və biznes-forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin dövlətlərarası səviyyədən biznes subyektləri səviyyəsinə keçidini sürətləndirən mühüm addımdır”.

T.Mirkişili qeyd edir ki, Azərbaycan-Çexiya əməkdaşlığı enerji ilə yanaşı qeyri-neft sektoruna da genişlənərək investisiya, sənaye və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət qazanır:
“Yeni təmasların qurulması və konkret sərmayə layihələrinin müzakirəsi qarşıdakı dövrdə qeyri-neft sektorunda əməkdaşlığın genişlənəcəyini göstərir. Sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və kənd təsərrüfatı kimi sahələr bu baxımdan prioritet istiqamətlər kimi çıxış edə bilər. Energetika isə hələ də əməkdaşlığın əsas dayağı olaraq qalır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması və ölkəmizin Avropa üçün etibarlı enerji təchizatçısı kimi mövqeyi iqtisadi münasibətlərin strateji çərçivəsini formalaşdırır. Bununla yanaşı, Azərbaycan qazının Avropa bazarlarında genişlənən coğrafiyası hazırda 16 ölkəyə ixrac və onların 10-nun Avropa İttifaqı üzvü olması ölkəmizin enerji diplomatiyasının effektivliyini təsdiqləyir. Çexiyaya qonşu ölkələrə qaz tədarükü isə bu əməkdaşlığın regional təsir dairəsini genişləndirir”.
Deputat həmçinin bildirir ki, Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığı daha geniş və çoxşaxəli strateji tərəfdaşlığa çevrilir:
“Diqqət çəkən əsas məqamlardan biri energetika əməkdaşlığının artıq ənənəvi ixrac-idxal modelindən çıxaraq daha geniş iqtisadi çərçivəyə inteqrasiya olunmasıdır. Tərəflər bu sahəni uzunmüddətli investisiya, texnologiya mübadiləsi və enerji təhlükəsizliyi kontekstində qiymətləndirirlər. Bu yanaşma həm Azərbaycanın, həm də Çexiyanın iqtisadi maraqlarına cavab verir və əməkdaşlığı daha dayanıqlı edir. Müdafiə sənayesi də iqtisadi baxımdan perspektivli istiqamətlərdən biri kimi önə çıxır. Çexiyanın bu sahədəki texnoloji təcrübəsi və Azərbaycanın yerli istehsal potensialını artırmaq strategiyası qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Artıq təkcə məhsul tədarükü deyil, birgə istehsal və sənaye kooperasiyası istiqamətində konkret layihələrin müzakirə olunması iqtisadi əlaqələrin dərinləşdiyini göstərir. Bu, eyni zamanda sənayeləşmə və texnoloji inkişaf baxımından da mühüm əhəmiyyət daşıyır. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılaşma isə iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından vacibdir. Bu platforma vasitəsilə müxtəlif sektorlar üzrə layihələrin koordinasiyası və icrasının sürətləndirilməsi mümkün olacaq. Cənab Prezidentin bəyanatı göstərir ki, Azərbaycan-Çexiya iqtisadi münasibətləri enerji sektoruna əsaslanan modeldən daha geniş, çoxşaxəli və balanslı əməkdaşlıq formatına doğru transformasiya olunur. Mövcud siyasi iradə, artan biznes marağı və konkret layihə gündəliyi bu tərəfdaşlığın yaxın illərdə daha da genişlənəcəyini və yeni iqtisadi imkanlar yaradacağını deməyə əsas verir”.
Cəmilə Cəfərzadə






