“Azərbaycan iqtisadiyyatına dünyanın aparıcı şirkətlərinin marağı böyükdür”- DEPUTAT DANIŞDI
Davos İqtisadi Forumu təşkilatçılıq və stasusu baxımından dünyanın ən böyük forumu hesab olunur. Azərbaycan da Davos İqtisadi Forumuna öz töhfəsini verir, həmçinin biz də forumun əhəmiyyətindən bəhrələnirik. Bir neçə il öncə Davos İqtisadi Forumunun toplantısı Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə ilk dəfə olaraq regionda keçirildi və Bakıda təşkil olundu. Bu da Azərbaycanın göstərdiyi xüsusi diqqətin nəticəsi idi.
Bu sözləri “Patrulaz”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, forum mühüm məqamları ilə yadda qalır. Belə ki, həm dövlət başçısının keçirdiyi mühüm görüşlər, həm də forum çərçivəsində təşkil olunmuş müzakirələr problemlərin həlli və əlaqələrin qurulması baxımından vacibdir.
Azərbaycan Prezidentinin yüksək liderlik qabiliyyəti, regional və qlobal məsələlərlə bağlı mövqeyi bir daha təsdiq edir ki, Davos İqtisadi Forumu Azərbaycan üçün vacib görüşlər və əməkdaşlıqlarla yadda qalacaq.
Keçirilən görüşlər göstərir ki, Azərbaycan Prezidenti qarşı tərəfin istəyi əsasında dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərdə birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına və qeyri-neft sektorunda aparılan islahatlara xüsusi maraq nümayiş olunub. Həmin şirkətlər Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlı olan şirkətlərdir. Sözügedən şirkətlər aktivlərin həcminə görə, dünya ən böyük şirkətlər qrupuna daxildir. Bu isə ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatına dünyanın aparıcı şirkətlərinin marağı kifayət qədər böyükdür. Bu da cənab Prezident tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni tələblərinə uyğun olaraq Azərbaycan iqtisadiyyatına daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq.