“Azərbaycan və Çin arasında əməkdaşlıq strateji xarakter daşıyır” - DEPUTAT
“Azərbaycan Respublikası bütün dünya dövlətləri ilə, o cümlədən Çin Xalq Respublikası ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə əməkdaşlıq etmək niyyətindədir və möhtərəm Prezidentin Çinə cari dövlət səfəri əslində həm də ölkəmizin qeyd olunan konstitusion niyyətinin təntənəsi hesab olunmalıdır. Məlumdur ki, ötən il Astanada Azərbaycan və Çin arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub, hazırkı səfər çərçivəsində isə hər iki dövlətin başçısı tərəfindən Birgə Bəyanat imzalıb və bununla da hərtərəfli strateji tərəfdaşlıq münasibətlərimizin səviyyəsi daha da yüksəlib”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycanla Çin arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar istiqamətlərdə əməkdaşlığın kifayət qədər geniş spektrə malik gündəliyi mövcuddur:
“Həm Bakı, həm də Pekin hesab edir ki, Azərbaycan və Çin arasında maraqların uzlaşdırılması tam mümkündür və bununla da hər iki dövlətin mənafelərinin təmin olunması ilə yanaşı ortaya ümumbəşəri niyyətlər naminə ciddi töhfələr qoyula bilər. Bu mənada, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanan sənədlərin əhatə dairəsinin genişliyi və dövlət başçılarının imzalanan sənədlər üzrə icranın reallaşması baxımından ortaya qoyduğu iradə bütövlükdə beynəlxalq münasibətlər sistemi adına ciddi perspektivlər vəd edir.
Məlumdur ki, Azərbaycan Respublikası və Çin daim bir-birlərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləmiş, hər iki ölkənin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səyləri qlobal mahiyyətə malik olub.
Bundan başqa, Bakı və Pekin çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində qarşılıqlı dəstəkdə ehtiva olunan əmakdaşlıq təcrübəsinə malikdir”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti ilə görüşdə Çin liderinin də ifadə etdiyi kimi, Pekin Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyindən məmnundur, həmçinin Çin COP29 çərçivəsində Azərbaycanın fəaliyyətlərini yüksək qiymətləndirdiyini birmənalı şəkildə bəyan edib:
“Bundan başqa, Azərbaycan Prezidentinin zamanında reallaşdırdığı və geosiyasi xarakter daşıyan layihələr Çinin “Bir kəmər, bir yol” layihəsinin region üzrə realizəsində önəmli və hətta həlledici hab rolunu oynamaqdadır. Qeyd olunanları nəzərə alaraq birmənalı şəkildə əminliklə demək olar ki, Azərbaycan və Çin arasında əməkdaşlıq bütövlükdə Cənubi Qafqaz tarixində istər qlobal inteqrasiya, istərsə də yeni investisiya mühitinin canlanması baxımından strateji xarakter daşıyır. Azərbaycan Prezidentinin elə səfərin ilk günündəncə reallaşdırdığı təmaslar və keçirdiyi görüşlər artıq yalnız ikitərəfli xarakter daşımayan Bakı-Pekin münasibətlərinin önəmli perspektivlər vəd etdiyini göstərməkdədir”.
Ləman Sərraf