Kadirov yenidən Çeçenistan rəhbərliyinə namizəd oldu
Çeçenistan Respublikasının hazırkı rəhbəri Ramzan Kadırov 2026-cı ilin sentyabr ayında keçiriləcək region rəhbəri seçkilərində iştirak etmək üçün rəsmi olaraq sənədlərini təqdim edib.
Patrul.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Telegram” kanalında bildirib.
Məlumata görə, Kadırovun namizədliyi hakim “Vahid Rusiya” (Yedinaya Rossiya) Partiyası tərəfindən rəsmən irəli sürülüb.
“Dostlar, bu gün Çeçenistan Respublikasının Seçki Komissiyasına baş çəkdim və Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə namizədliyimi rəsmi olaraq təqdim etdim. Bu proses mənim üçün xüsusilə vacibdir”, – deyə o bildirib.
Namizədliyi təsdiqləndikdən sonra çıxış edən R. Kadırov seçki marafonuna könüllü deyil, məcburiyyət qarşısında qatıldığını etiraf edib:
“Düzünü desəm, seçkiyə getdiyim üçün şad deyiləm. Əgər məndən asılı olsaydı, başqa namizəd seçərdim, çünki bu, çox böyük məsuliyyətdir”.
Siyasətçi hakimiyyətdən yorulduğunu və idarəetməyə yeni qüvvələrin gəlməsinin zəruriliyini də vurğulayıb. O, həmçinin xalqın dəstəyinə güvəndiyini qeyd edib:
“Əminəm ki, xalq məni dəstəkləyəcək. Əgər dəstəkləsələr, xalqa xidmət etməyə hazıram”.
Qeyd edək ki, Ramzan Kadırov Çeçenistanı 2007-ci ildən idarə edir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, regionda 2021-ci ildə keçirilən sonuncu seçkilərdə Kadırov səslərin 99,7%-ni toplayıb.
Gülbəniz Səfərova






