media-retouch_2025071021432763

“Azərbaycan və Ermənistan kimi ölkələrin Rusiyanın hər hansı vasitəçilik rolunu rədd etməsi tamamilə haqlıdır”.

Patrulaz.az xəbər verir ki, bu fikirləri erməni əsilli amerikalı politoloq, Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan “Euronews”a açıqlamasında səsləndirib. Onun sözlərinə görə, son illərdə Moskva ilə münasibətlərin pisləşməsi səbəbindən həm Bakı, həm də İrəvan Kremlin təsirindən uzaqlaşmağa üstünlük verir. Ekspert bildirib ki, hazırda hər iki ölkə Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə meydan oxumaqda eyni mövqe nümayiş etdirir:

“Ermənistan və Azərbaycan ironik şəkildə Rusiyanı regiondan sıxışdırmaq siyasətini bölüşürlər”,- deyə politoloq bildirib.

Həmçinin “Euronews” saytı bu gün Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə baş tutan görüşü də analiz edib.

Sayt yazır ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş region üçün əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Saytın təhlilinə görə, bu, Moskvanın ilk dəfə Ermənistan-Azərbaycan danışıqlarından tamamilə kənarda qalması fonunda baş verir və Cənubi Qafqazın gələcək siyasi arxitekturasına ciddi təsir göstərə bilər.

Materialda qeyd olunur ki, İrəvan və Bakı illərlə davam edən silahlı münaqişədən sonra sülh sazişi layihəsini razılaşdırmaqla və münasibətləri normallaşdırmaqla tarix yazırlar.

Bunlarla yanaşı Giraqosyan açıqlamasında bildirib ki, Moskvanın Cənubi Qafqazda təsir imkanlarını itirməsi regionda potensial hakimiyyət boşluğu yarada bilər:

“Qəzəbli və intiqamçı Rusiya itirdiyi nüfuzu bərpa etməyə çalışacaq və bu, qonşu ölkələr üçün təhlükəli nəticələrə səbəb ola bilər”.

Politoloq əlavə edib ki, hərçənd Rusiya hazırda diqqətini Ukraynadakı müharibəyə yönəldib, bu diqqət yayındırması uzun müddət davam edə bilməz:

“Əgər ağıllı davranarsa, Rusiya Ermənistan və Azərbaycan arasında ticarət və nəqliyyat əlaqələrinin bərpasında rol almağa çalışacaq. Amma Ermənistanda ona olan inam demək olar ki, itib”.

Giraqosyan yekun olaraq bildirib ki, əsas məsələ Ermənistandakı dəyişikliklər deyil, Rusiyanın hansı addımları atacağıdır:

“Biz artıq fərqli bir ssenariyə – zəifləyən, lakin hələ də təhlükə mənbəyi olan Putin sonrası Rusiya ilə üzləşməyə hazır olmalıyıq”.


Bənzər xəbərlər