“Azərbaycan və Türkiyə terrorla mübarizədə öz sözünü deyir” - ŞƏRH
“PKK terror qruplaşmasının ləğvi Türkiyə dövləti və xalqı üçün böyük bir hadisədir və bilirik ki, Türkiyə uzun illərdir terrordan əziyyət çəkən bir dövlətdir və terrorla uzun illər mübarizə aparıb. Sirr deyil ki, PKK terror təşkilatının mövcud olmasında bir sıra daxili qüvvələrlə yanaşı, xarici qüvvələr də maraqlı olub və vaxtaşırı bu terror təşkilatı vasitəsi ilə Türkiyədə sabitliyin pozulmasına cəhdlər ediblər. Azərbaycan hər zaman Türkiyə dövlətinin və xalqının yanında olub”.
Bu sözləri siyasi şərhçi Vüqar Əhmədov Prezident İlham Əliyevin PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik etməsi barədə Patrulaz.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyənin inkişafı və bu ölkədə sabitliyin qorunub saxlanması bilavasitə Azərbaycanın marağında olmuşdur:
“Bu baxımdan bu təbrik uzun illərdir terrordan əziyyət çəkən hər iki xalq və dövlət üçün önəmli bir hadisədir. Türkiyə bu nəticəyə nail olmaq üçün uzun illər mübarizə aparıb, həm ölkə daxilində, həm də regionda terrorla mübarizə istiqamətində çox əmək sərf edib. Türkiyə kimi bir dövlətdə daxili siyasi konsensusun olması çox önəmlidir, son dövrlərdə Suriyada kök salmış terror qruplaşmalarının, eyni zamanda uzun zamandır Türkiyədə terror təşkilatı kimi tanınan PKK-nin ləğvi bu ölkənin beynəlxalq mövqelərini daha da gücləndirmiş olacaq. Azərbaycan isə hər zaman güclü Türkiyənin olmasında maraqlı olub, bu baxımdan bu hadisə həm Azərbaycan dövlətini, həm də bütövlükdə xalqımızı sevindirən bir hadisədir. Uzun illər idi ki, Azərbaycan xalqı Ermənistan dövlətinin törətdiyi terrordan, Türkiyə dövləti PKK terrorundan əziyyət çəkirdi, indi həm Azərbaycan, həm də Türkiyə kifayət qədər güclənib və terrorla mübarizədə öz sözünü deməkdədirlər”.
“Eyni zamanda bunu da xüsusi vurğulamaq lazımdır ki, hətta özünü bəzi sivil qərb dövlətləri adlandıranlardan fərqli olaraq həm Azərbaycan, həm Türkiyə dövləti terrorçularla belə beynəlxalq hüquq normalarına uyğun davranış nümayiş etdirir, bunu biz hazırda Azərbaycanda məhkəməsi gedən erməni terrorçularına münasibətdə də görə bilərik. Azərbaycan da məhz bu yaxınlarda öz ərazisində illərdir kök salmış bir terrorçu yuvasının kökünü kəsdi. Bütün bunlar Azərbaycan dövlətinin terrorla mübarizədə hər zaman Türkiyə dövlətinin yanında olmasını bir daha sübut edir”,- deyə həmsöhbətimiz əlavə edib.
Ləman Sərraf






