Azərbaycana axın edən turistlərin sayı niyə azalır? - Ekspert AÇIQLADI
2019-cu ildə quru sərhədlərin açıq olduğu dövrdə Azərbaycana turizm məqsədilə 2,8 milyondan çox əcnəbi səfər edib. 2024-cü ildə isə bu göstərici 1,8 milyon nəfər təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 1 milyondan çox azalma deməkdir.
Bəs görəsən, son illərdə Azərbaycana gələn turistlərin sayının azalmasına hansı amillər təsir göstərir?
Bu barədə turizm eksperti Ceyhun Aşurov Patrulaz.az-a açıqlamasında bildirib ki, Azərbaycanda turizm bazarı hələ də bərpa mərhələsindədir.
Ekspertin sözlərinə görə, ölkəmizdə quru sərhədlərin bağlı qalması ölkəyə gələn turistlərin sayına təsir göstərir:
“Azərbaycana gələn əcnəbilərin sayının pik göstəricisi 2019-cu ildə olub. Təxminən 3,2 milyon əcnəbi Azərbaycana səfər edib, onların da təxminən 2,9 milyonu turistlər olub. Yəni, ən azı bir gecə ölkəmizdə gecələyiblər. 2024-cü ildə bundan əvvəlki ildə turistlərin sayı təxminən 1,9 milyon olub. Bu isə azalmanı göstərir.
Azərbaycanda hələ də turizm bazarı bərpa dövrünü yaşayır. Çünki mövcud şərait, geosiyasi vəziyyət, regionda müharibələr və qonşu ölkələrdə baş verən hadisələr Azərbaycan turizm bazarına da təsirsiz ötüşmür. Bundan başqa, ən çox təsir edən amil quru sərhədlərin hələ də bağlı olmasıdır. Quru sərhədlərin bağlı olmasına baxmayaraq, vizaların alınması asanlaşıb, bəzi ölkələrlə viza tələbi aradan qaldırılıb və hava məkanı açıqdır, bir çox ölkələrlə uçuş əlaqələri mövcuddur.
C.Aşurov Sərhədlərin bağlı olması, xüsusən də yerüstü keçidlərin məhdudlaşdırılması, ölkəyə gediş-gəliş qiymətlərini artırdığı vurğulayıb:
“Amma quru sərhədlərin bağlı olması, yerüstü sərhəd keçidlərinin işləməməsi ölkəyə gediş-gəliş qiymətlərinə də təsir göstərir və bu xərcləri artırmış olur. Bu isə dolayısı ilə Azərbaycana gəlmək istəyən turistlərin qərarlarına da təsir etmiş olur”.
Cəmilə Cəfərzadə






