Azərbaycanda bakalavriat və magistraturanın müddəti azaldıla bilərmi? – Ekspert RƏYİ
Son illər dünyada ali təhsil sistemində islahatlar, proqramların optimallaşdırılması və daha çevik tədris modellərinə keçid müzakirə olunur. Bəzi ölkələrdə bakalavriat və magistratura pillələrinin müddətinin azaldılması, təhsilin keyfiyyətini qorumaqla yanaşı, gənclərin əmək bazarına daha tez çıxmasını təmin etmək məqsədi daşıyır. Bu müzakirələr fonunda Azərbaycanda da ali təhsilin mövcud müddətləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Azərbaycanda bakalavriat təhsili 4 ildən 3 ilə, magistratura isə 2 ildən 1 ilə qısaldıla bilərmi?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, ali təhsildə əsas hədəf müddətin qısaldılması yox, proqramların məzmunu, keyfiyyəti və əmək bazarına uyğun nəticələridir:
“Bu məsələ cəmiyyətdə vaxtaşırı müzakirə olunur və açıq demək lazımdır ki, mövzu təkcə “təhsil müddətini azaltmaq olar, ya yox” sualı ilə məhdudlaşmır. Burada əsas məsələ təhsilin müddəti yox, məzmunu, keyfiyyəti və nəticəsidir. Dünyada bakalavriatın 3 il, magistraturanın isə 1 il olduğu ölkələr var. Avropa ölkələrinin bir hissəsində bu model Boloniya prosesinin çərçivəsində tətbiq olunur. Amma çox vacib bir detal var: həmin ölkələrdə 3 illik bakalavriat 4 illik bakalavriatın sıxılmış forması deyil, əvvəldən elə o modelə uyğun qurulmuş, ciddi akademik yükü, güclü praktik komponenti və aydın kompetensiya nəticələri olan proqramlardır. Yəni müddət qısadır, amma tələbənin qazandığı bilik və bacarıqlar bazar üçün yetərlidir”.
Ə. Həsənli Azərbaycanda təhsil müddətinin qısaldılması proqramların məzmunu, müəllim keyfiyyəti və akademik mühit dəyişmədən həyata keçirilərsə, təhsilin keyfiyyətinə risk yarada biləcəyini vurğulayıb:
“Azərbaycanda isə hazırkı reallıq fərqlidir. Bizim ali təhsil sistemində əsas problem illərin çoxluğu deyil, məzmunun bəzən formal, təkrarlanan və əmək bazarı ilə zəif əlaqəli olmasıdır. Əgər bu gün sadəcə olaraq bakalavriatı 4 ildən 3 ilə, magistraturanı 2 ildən 1 ilə endirsək, amma proqramların məzmununu, tədris metodlarını, müəllim hazırlığını və qiymətləndirmə mexanizmlərini köklü şəkildə dəyişməsək, bu addım keyfiyyət artımına yox, əksinə, risklərə səbəb ola bilər.Xüsusilə magistratura məsələsində ehtiyatlı olmaq lazımdır. Magistratura yalnız diplom mərhələsi deyil, elmi-tədqiqat bacarıqlarının, analitik düşüncənin, ixtisaslaşmanın formalaşdığı bir pillədir. Bir il ərzində bu bacarıqları real və keyfiyyətli şəkildə formalaşdırmaq üçün çox güclü akademik mühit, resurs və ciddi seçim mexanizmi tələb olunur. Bu şərtlər təmin edilmədən müddətin qısaldılması magistraturanı formal mərhələyə çevirə bilər”.

Ekspertin sözlərinə görə, ali təhsildə əsas məsələ məzunların real bacarıqlarının formalaşmasıdır, müddət isə yalnız keyfiyyət təmin olunduqda ikinci dərəcəli rol oynayır:
“Digər tərəfdən, müddətin azaldılması məsələsi əmək bazarı ilə də birbaşa bağlıdır. Əgər bazar konkret bacarıqlara malik, praktik düşünən, çevik məzun tələb edirsə, o zaman təhsil müddətindən asılı olmayaraq həmin bacarıqlar ali məktəbdə formalaşmalıdır. Əks halda, 3 il də oxusa, 4 il də oxusa, məzun yenə əlavə kurslara, sertifikatlara və ya yenidən hazırlıq mərhələsinə ehtiyac duyacaq.
Mövqeyim ondan ibarətdir ki, Azərbaycanda ali təhsilin müddətini qısaltmaq məsələsi yalnız son mərhələ kimi müzakirə oluna bilər. Əvvəlcə proqramların məzmunu yenilənməli, ixtisaslar üzrə real kompetensiya çərçivələri hazırlanmalı, praktik təlim gücləndirilməli, universitet–əmək bazarı əlaqələri real mexanizmlərlə qurulmalıdır. Bu addımlar atıldıqdan sonra bəzi ixtisaslar üzrə 3 illik bakalavriat və ya 1 illik magistratura modeli pilot şəkildə tətbiq oluna bilər.
Yekunda demək olar ki, məsələ “qısaltmaq olar, ya olmaz” sualı deyil. Sual budur: “Biz məzuna nə vermək istəyirik və bu nəticəni hansı müddətdə, hansı keyfiyyətlə təmin edə bilirik?” Əgər keyfiyyət təmin olunursa, müddət ikinci dərəcəli məsələdir. Əks halda isə sadəcə illəri azaltmaq təhsilin problemlərini həll etməyəcək”.
Cəmilə Cəfərzadə






