Azərbaycanda qohum nikahlarına qadağa evliliklərin sayını azaldıb? - Sosioloq və vəkil mövqeyi
Azərbaycanda son bir neçə ildə əhalinin sayının və evliliklərin azalması halları müşahidə olunur. Xüsusən də, qohum evliliklərinə qoyulan qadağa bu azalmaları daha da artırıb.
Bəs, sosial-iqtisadi problemlər həll olunmadan və milli-mənəvi dəyərlər gücləndirilmədən Azərbaycanda ailə institutunu möhkəmləndirmək və evliliklərin sayını artırmaq mümkündürmü?
Sosioloq Elçin Bayramlı Patrulaz.az-a açıqlamasında bildirib ki, evliliklərin azalmasına qohum nikahlarının qadağan olunmasından daha çox sosial problemlər təsir göstərir. Onun sözlərinə görə, əsas amillər gənclərin maddi çətinliklərlə, xüsusən işsizliklə üzləşməsi, həmçinin ailə məsuliyyətindən çox əyləncəyə üstünlük vermələridir:
“Qohum evliliklərinin qadağan olunması düzdür, statistikaya təsir göstərir. Amma bu əsas səbəb deyil. Cüzi bir təsir ola bilər. Əsas səbəblər daha fundamentaldır, başqa yerdə gizlənir. Əsas səbəbləri qruplaşdırsaq, sosial-iqtisadi faktorlardır, bir də mənəvi-psixoloji deqradasiyadır. Sosial-iqtisadi faktorlar gənclərin işsizliyi, gəlir azlığı kimi problemlərdir. Bu səbəbdən gənclər evlənmək istəmir, çətinlik çəkirlər, heç toy xərclərini belə ödəyə bilmir. Yeri gəlmişkən, indiki toylar Azərbaycan xalqına qarşı açıq terrordur. Evlənmələrin qarşısını alan da təkbaşına 50 faiz paya malikdir. Təsəvvür edin ki, 30-40 min toy xərcləri lazımdır. Bunu heç bir normal ailə öhdəsindən gələ bilməz. Orta statistik Azərbaycan üçün belə bu çətindir. Hələ bunun evlənmək üçün ev almaq, gəlir, iş yoxdur. Əsas səbəblərdən biri budur.
Bir də mənəvi-psixoloji deqradasiyadır. Gənclər indi evlənmək istəmir, öz həyatını əyləncəyə, gəzintiyə sərf etmək istəyir. Ailəyə, uşağa yox. İmkanı olanlar belə bundan qaçırlar”.
E. Bayramlı fikrincə, sadalanan bır sıra sosial və psixoloji problemlər əsasən evliliklərin azalmasına səbəb olur. Sosioloqa görə, qohum evliliyinə qadağa nikahların sayının azalmasına təsir göstərən əsas amil deyil. Bayramlı sağlamlıq baxımından bu qərarın verilməsini yüksək qiymətləndirir:

“Qohum evliliklərinə gəldikdə, bu qəbul edilməzdir və normal deyil, ehtiyac da yoxdur. Çünki dünyada milyonlarla insanlar olduğuna görə məcbur deyil ki, xalaqızı-xalaoğlu ilə ailə həyatı qurulsun. Bu ciddi problemdir, dünyanın bir çox ölkələrində də qəbul olunmur. Buna görə də əsas digər vurğuladığım səbəblərin aradan qaldırılmasıdır ki, bir gənc evlənmək istəyirsə, qohumla qadağan olunubsa, başqa biri ilə ailə həyatı qura bilər. Ona görə də bu, evlənməməyə böyük səbəb deyil. Amma sadaladığım səbəblərin həll olunmaması ciddi səbəbdir. Nə evi var, nə işi var, nə gəliri var. Yaxud da bunlar var, olanlarda belə şüur, psixologiya dəyişibsə, Qərb təbliğatına, Qərb dəyərlərinə keçibsə, milli-mənəvi dəyərlərimizi arxa plana atıbsa, o artıq həyatını əyləncəyə, özünə həsr etməyə çalışır.
Bu iki səbəb əsas problemdir. Əsas problem qohum evliliklərinin qadağan edilməsi deyil. Sadəcə cüzi payı ola bilər. Əhalinin artımı dayanır, gənclərin uşaqlarının çıxışı azalır, boşanmalar üzrə dünya rekorduna çatmışıq, evliliklərin sayı kəskin azalır. Bunların hamısı birlikdə çox ciddi strateji milli təhlükəsizlik məsələsidir. Bununla bağlı dövlət xüsusi siyasət həyata keçirməlidir. İqtisadi dəstək paketləri, uşaq pulu daxildir, gənclərin güzəştli uzunmüddətli kreditlə sosial evlər alması daxildir. Gənclərin iş yeri məsələsi, məşğulluğunun həlli, normal gəlir əldə etməsinə çalışmaq lazımdır. Eyni zamanda milli dəyərlərimiz formasında təbliğ olunmalıdır ki, gənclər normal yaşda evlənsinlər, ailə, uşaq sahibi olsunlar. Yoxsa 35 yaşa qədər indiki gənclər evlənmir, bir çoxu, bu çox ciddi problemdir. Bunun üçün dövlət sadaladığım addımları atmalıdır”.
Həmçinin AR Vəkillər Kollegiyasının üzvü vəkil Amid Əsgərov da bu barədə Patrulaz.az-a açıqlamasında qohum evliliyinə qadağanı hüquqi yollarla izah edib. Vəkilin fikrincə, bu qərar sağlamlıq baxımından böyük əhəmiyyət kəsb edir:

“Qohumlar arasında nikahın bağlanmasına mane olan hallar AR Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə aralarında nikahın bağlanması qadağan olunmuş qohumlar siyahısına – yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlərdən əlavə 2025-ci ilin iyul ayından qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları və bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğluda əlavə edilmişdir.
Qeyd edilən qohumlar arasında nikahın bağlanmasının qadağan edilməsində məqsəd, əhalinin sağlamlığının təmin edilməsidir. Bu cür halların qarşısının alınması üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilir. Həmçinin bu istiqamətdə mütəmadi olaraq əhali arasında maarifləndirmə işlərinin aparılması və sosial mexanizmlərdən istifadə etmək zəruridir”.
Nəticə olaraq, sosioloqun da qeyd etdiyi kimi, Azərbaycanda evliliklərin azalmasının əsas səbəbi qohum nikahlarının qadağan olunması deyil, sosial-iqtisadi çətinliklər və gənclərin dəyərlərində baş verən dəyişikliklərdir. Problemin həlli üçün dövlətin iqtisadi dəstək mexanizmləri tətbiq etməsi, gənclərin iş və mənzil təminatının yaxşılaşdırılması, həmçinin milli-mənəvi dəyərlərin gücləndirilməsi vacibdir.
Cəmilə Cəfərzadə






