media-inshot_20251208_120836827

2026-cı ildən etibarən Gürcüstanın dövlət universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək.

Bu o deməkdir ki, dövlət universitetlərində təhsil tam pulsuz olacaq. Azərbaycanda da bu, mümkün ola bilərmi? Bunun üçün təhsil sistemində hansı dəyişikliklər olmalıdır?

Patrul.az mövzu ilə bağlı təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. O bildirib ki, dünyanın bir çox qabaqcıl universitetləri artıq öz maliyyə büdcəsini özləri formalaşdırır:

“Bu, “elm-sənaye-innovasiya” üçlüyünün və bazar iqtisadiyyatı münasibətlərinin düzgün tətbiqi sayəsində mümkün olur. Belə universitetlər özlərini maliyyələşdirmək gücünə malikdir.

Təəssüf ki, Azərbaycanda universitetlərin öz-özünü maliyyələşdirmə mexanizmi demək olar ki, yoxdur. Bizim ali təhsil müəssisələri birbaşa tələbənin ödədiyi illik təhsil haqqından asılıdır. Bütün xərclər bu vəsait hesabına qarşılanır”.

Ekspert xatırladıb ki, artıq 2026-cı ilə sayılı günlər qalıb:

“21-ci əsrin süni intellekt çağında inkişaf saatbasaat gedir. Belə bir dövrdə universitetlər düşünməlidir: “Mən tələbənin ödədiyi illik təhsil haqqından asılı olmadan necə fəaliyyət göstərə bilərəm?”

Bu sualın cavabı universitetin strategiyasında olmalıdır. Universitetin startap ekosistemi qurulmalı, araşdırma və innovasiya fəaliyyəti inkişaf etməlidir. Yəni, universitet yerində saymamalıdır. Yalnız bu yanaşma ilə biz gələcəkdə təhsildə ciddi və real dəyişikliklərin baş verməsini gözləyə bilərik”.

media-img-20251208-wa0014

E. Nuri qeyd edib ki, bu proses əslində bir çox ölkələrdə, xüsusilə də Avropa ölkələrində uzun illərdir ki, mövcuddur:

“Məsələn, Almaniyanı nümunə gətirmək olar. Orada universitetlərdə təhsil rəsmi olaraq “pulsuz” sayılır. Lakin əslində, ümumiyyətlə “pulsuz təhsil” anlayışı yoxdur. Təhsilin özü heç yerdə pulsuz deyil. Sadəcə, tələbənin xərcləri dövlət tərəfindən qarşılandığı üçün bu bəzən “pulsuz” kimi qiymətləndirilir.

Bizdə isə adətən belə bir ifadə işlədilir: “filankəs pulluda, filankəs pulsuzda oxuyur.” Ancaq bu, mahiyyətcə doğru deyil. Heç bir ölkədə təhsil tam mənada pulsuz deyil. Bu, sadəcə, dövlət tərəfindən maliyyələşdirilən təhsil formasını əhatə edir.

Axı necə ola bilər ki, təhsil pulsuz olsun? Universitetdə dərs deyən mÿüəllimlər, professor heyəti, texniki işçilər, rəhbərlik – hamısı maaş alır. Bundan əlavə, universitetin kommunal xərcləri, texniki təchizatı, avadanlıqları və digər inzibati xərcləri var. Bütün bunlar vəsait tələb edir və təbii olaraq, bu xərcləri ya dövlət, ya da tələbə qarşılayır”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər