Azərbaycanda yay istirahəti neçəyə başa gəlir? – Daxili turizmdə qiymətlər və real xərclər
Yay mövsümünün başlaması ilə Azərbaycanda daxili turizm yenidən canlanır. Şəhərin səs-küyündən uzaqlaşmaq, təbiət qoynunda dincəlmək və ya ailəvi istirahət etmək istəyənlərin sayı artır. Lakin istirahət planı qurarkən ən vacib məsələlərdən biri də büdcə hesablamasıdır.
Son illərdə hotellər, kirayə evlər və digər xidmətlər üzrə qiymətlərdə müşahidə olunan artım bu mövzunu daha da аktual edib.
Patrul.az-ın araşdırmasına görə, hazırda ölkədaxili turizmdə əsas seçimlər regional hotellər, kotteclər və gündəlik kirayə evlərdir. Qiymətlər isə seçilən bölgəyə, xidmət səviyyəsinə və mövsümə görə dəyişir.
Tək səyahət edənlər üçün ən büdcəli variantlar qonaq evləri və hostellər hesab olunur. Belə məkanlarda gecələmək üçün gündəlik 30-40 manat kifayət edir. Daha rahat şərait təklif edən orta səviyyəli hotellərdə isə bir nəfərlik otaqların qiyməti təxminən 70 manatdan başlayır. Komfortlu və yüksək səviyyəli hotellərdə isə gecələmə haqqı 150 manatdan yuxarı dəyişir.
Ailəvi istirahət planlaşdıranlar üçün isə vəziyyət fərqlidir. Dörd nəfərlik ailələr adətən kirayə evlərə və kotteclərə üstünlük verirlər. Bölgələrdə sadə həyət evlərinin gündəlik kirayəsi 50 manatdan başlayır. Daha rahat və müasir kotteclərdə isə qiymətlər 100-150 manat arasında dəyişir. Ailəvi hotel otaqları üçün minimum gündəlik xərc 120 manat hesab olunur. Lüks hotellərdə bu məbləğ 300 manata qədər yüksələ bilir.
Azərbaycanın ən çox ziyarət olunan turizm istiqamətlərindən biri olan Quba-Qusar bölgəsində qiymətlər nisbətən yüksəkdir. Bakıya yaxınlıq və inkişaf etmiş turizm infrastrukturu səbəbindən burada üç günlük istirahət tək səyahətçi üçün minimum 200 manata başa gəlir. Dörd nəfərlik ailənin eyni müddətdə istirahəti isə ən azı 500 manat tələb edir.
Qəbələ və İsmayıllı da yay aylarında turist axınının ən çox olduğu bölgələr sırasındadır. Xüsusilə kotteclərə tələbat artdığı üçün qiymətlər mövsüm ərzində yüksəlir. Burada tək nəfərin həftəsonu istirahəti orta hesabla 150 manata başa gəlir. Dörd nəfərlik ailə isə üç günlük istirahət üçün minimum 600 manat büdcə ayırmalıdır.
Cənub bölgəsi – Lənkəran və Astara istiqaməti isə daha münasib seçimlərdən hesab olunur. Burada həm yerləşmə, həm də qidalanma xərcləri digər populyar bölgələrlə müqayisədə nisbətən aşağıdır. Tək səyahətçi təxminən 130 manatla üç günlük istirahət planlaşdıra bilər. Ailəvi istirahət üçün isə minimum 450 manat büdcə tələb olunur.
Naxçıvan Muxtar Respublikası daxili turizmdə xüsusi yer tutur. Lakin hava nəqliyyatından istifadə zərurəti ümumi xərcləri artırır. Təyyarə biletləri nəzərə alındıqda, tək nəfərin üç günlük səfəri təxminən 250 manata, ailəvi istirahət isə 700 manatdan artıq məbləğə başa gələ bilər.
İstirahət büdcəsinin mühüm hissəsini qidalanma xərcləri təşkil edir. Bölgələrdə restoran və kafelərdə bir nəfərlik naharın orta qiyməti 10-15 manat arasında dəyişir. Dörd nəfərlik ailə üçün bir dəfəlik nahar isə ən azı 50 manat tələb edir. Daha bahalı məkanların seçilməsi ümumi xərcləri əhəmiyyətli dərəcədə artırır.
Nəqliyyat da vacib xərc maddələrindən biridir. Şəxsi avtomobillə səyahət yanacaq və əlavə yol xərcləri yaratsa da, ailəvi səfərlərdə bəzən daha sərfəli ola bilir. Avtobus və qatar səfərləri isə büdcəyə qənaət etməyə imkan verir. İstiqamətdən asılı olaraq avtobus biletlərinin qiyməti əsasən 5-10 manat arasında dəyişir.
Turizm mütəxəssisləri yay aylarında qiymət artımından qorunmaq üçün erkən rezervasiyanın vacibliyini vurğulayırlar. Mövsüm yaxınlaşdıqca boş yerlərin azalması qiymətlərin yüksəlməsinə səbəb olur. Təcrübə göstərir ki, istirahət məkanlarının əvvəlcədən bron edilməsi bəzi hallarda xərcləri 20-30 faiz azaltmağa imkan verir.
Bir sözlə, Azərbaycanda yay istirahətinin dəyəri seçilən bölgədən və komfort səviyyəsindən asılı olaraq ciddi şəkildə dəyişir. Büdcəli səyahətdən lüks istirahətə qədər müxtəlif seçimlər mövcuddur. Düzgün planlaşdırma və erkən rezervasiya isə həm daha rahat, həm də daha sərfəli istirahət üçün əsas şərtlərdən biri hesab olunur.
Ləman Sərraf






