media-1a0ea84e-e198-467d-9096-6d6f2e28bde4

Son illər Azərbaycanda ikinci əl mağazalara, yəni “thrift shop”, “second hand” və “vintage” dükanlarına maraq hiss olunacaq dərəcədə yüksəlib. Bir vaxtlar toplum tərəfindən tərəddüdlə qarşılanırdısa, indi bu mağazalar həm gənclərin, həm də daha yetkin alıcıların tez-tez üz tutduğu məkanlara çevrilib. Bəs bu dəyişikliyə səbəb nədir?

Patrul.az-ın araşdırmasına görə, ilk olaraq qiymət amili önə çıxır. Artan xərclər fonunda insanlar daha sərfəli alış-veriş yolları axtarır. İkinci əl mağazaları isə keyfiyyətli brend məhsulları dəfələrlə aşağı qiymətə təklif edir. Üstəlik, “bir dəfə geyin və at” dövrü geridə qalır; insanlar artıq qənaətin ayıb deyil, əksinə, ağıllı seçim olduğunu anlayır.

Digər mühüm səbəb unikallıq axtarışıdır. Gənclər kütləvi istehsal olunan geyimlərdən uzaq durmağa çalışır. “Vintage” mağazalarında isə həm fərqli tərz, həm də xarakterli parçalar tapmaq mümkündür. Belə məkanlarda seçdiyin geyimi başqasının üzərində görmək ehtimalı azdır, bu isə özünüifadəyə önəm verənlər üçün böyük üstünlükdür.

Ekoloji düşüncə də az rol oynamır. Dünyada “sürdürülebilir moda” trendlərinin güclənməsi fonunda Azərbaycan gəncləri də bu axına qoşulub. Yeni geyim istehsalı daha çox su, enerji və xammal tələb etdiyi üçün ikinci əl alış-veriş ətraf mühitə daha az ziyan vurur. Bir növ, həm gözəl görünürsən, həm də təbiəti qoruyursan.

Nəhayət, ikinci əl mağazaları artıq “köhnə və ucuz” stereotipindən çıxaraq tamamilə yeni bir kültürə çevrilib. Estetik vitrinlər, sosial şəbəkələrdə populyarlıq, blogerlərin videoları bu sahəni trendə çevirən əsas səbəblərdəndir.

Bir sözlə, ikinci əl mağazalara marağın artması nə təsadüfdür, nə də keçici dəb. Bu, həm iqtisadi şəraitin, həm sosial baxışın, həm də ekoloji şüurun dəyişməsinin nəticəsidir. Görünən odur ki, bu trend yaxın zamanda gündəmdən düşməyəcək.

Ləman Sərraf


Bənzər xəbərlər