“Azərbaycanın “C5+1” formatında iştirakı regiondakı sabitlik mexanizmlərini möhkəmləndirir” Deputat
“ABŞ-ın Orta Asiya ölkələri ilə “C5+1” formatında əməkdaşlığı daha da dərinləşdirməsi regionda yeni geosiyasi dinamika formalaşdırır. Qlobal təhlükəsizlik arxitekturasının yenidən qurulduğu bir şəraitdə Azərbaycanın bu proseslərdə artan rolu xüsusi strateji əhəmiyyət daşıyır”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı səsləndirib.
Deputat bildirib ki, Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, Orta Asiya ilə Avropa arasında ən etibarlı körpü, enerji və nəqliyyat dəhlizlərinin əsas tranzit gücü və regional siyasətin formalaşmasında mühüm söz sahibidir:
“Məhz buna görə “C5+1” kimi platformalarda Azərbaycanın iştirakı həm regional inteqrasiyanı genişləndirir, həm də əməkdaşlığın real nəticələrə yönəlməsinə imkan yaradır.
Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan bu gün artıq Mərkəzi Asiya dövlətləri üçün əsas tərəfdaş və strateji müttəfiqlərdən birinə çevrilmişdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən yüksək səviyyəli siyasi dialoq, Orta Dəhlizin gücləndirilməsi istiqamətində atılan addımlar, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi Azərbaycanı regionun təhlükəsizlik və iqtisadi sistemində əvəzolunmaz aktora çevirir”.
Günay Ağamalının sözlərinə görə, Azərbaycanın qaz və yaşıl enerji layihələri Orta Asiya–Avropa enerji xəttinin dayanıqlığını artırır və Qərb üçün yeni imkanlar yaradır:
“Bu kontekstdə Azərbaycan həm ixracatçı, həm də tranzit mərkəzi kimi strateji mövqedədir.
Orta Dəhliz – yəni Azərbaycan, Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında alternativ və təhlükəsiz yol – “C5+1” əməkdaşlığı ilə daha da güclənə bilər. Bu, regionun qlobal ticarət sistemindəki çəkisini artıracaq. Azərbaycanın balanslaşdırılmış siyasəti, sülh təşəbbüsləri və Cənubi Qafqazda yaratdığı yeni reallıq Orta Asiya ölkələri üçün mühüm nümunədir. Azərbaycanın bu formatda iştirakı regiondakı sabitlik mexanizmlərini möhkəmləndirir. Azərbaycan Orta Asiya dövlətləri ilə ortaq maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşdırıb. Bu model Türk dünyasının inteqrasiyasını gücləndirir və regionun qlobal güclərlə dialoqunda mövqelərini daha balanslı edir.
Bütün bu amillər göstərir ki, Azərbaycanın “C5+1” formatında iştirakı regionun geosiyasi xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu isə həm Türk dünyasının birliyinin güclənməsinə, həm də regionda yeni əməkdaşlıq məkanının formalaşmasına xidmət edir.
Azərbaycan zərurətə çevrilmiş strateji tərəfdaşdır və beynəlxalq əməkdaşlıq platformaları üçün mühüm rol oynayır”.
Ləman Sərraf






