Azərbaycanın İrandakı səfiri: “Tezliklə Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər olacaq”
“Tezliklə Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər olacaq”.
Patrul.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “ISNA”ya verdiyi müsahibəsi zamanı deyib.
O, Bakı-Tehran əlaqələrində yeni mərhələnin başlandığını bildirib. Diplomat vurğulayıb ki, yaxın vaxtlarda iki ölkə arasında yüksək səviyyəli səfərlər davam etdiriləcək və əməkdaşlıq daha da genişlənəcək.
Ə. Əlizadə qeyd edib ki, Azərbaycan və İran arasında münasibətlərin inkişafı istiqamətində mühüm addımlar planlaşdırılır. O, Xankəndidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısına toxunaraq, tədbirin uğurlu nəticələr verdiyini və İran prezidenti Məsud Pezeşkianın da sammitdə iştirak etdiyini xatırladıb.
Səfir bildirib ki, Zirvə toplantısından sonra dövlət başçıları iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahələrində əməkdaşlığın sürətləndirilməsi ilə bağlı mühüm tapşırıqlar veriblər. Onun sözlərinə görə, İƏT çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın səyləri davam edir və iki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır.
Diplomat İran-Azərbaycan münasibətlərinin qardaşlıq və dostluq ruhunda olduğunu vurğulayaraq, prezident Məsud Pezeşkianın indiyədək Bakıya iki uğurlu səfər həyata keçirdiyini xatırladıb. Əli Əlizadə bildirib ki, yaxın gələcəkdə də yüksək səviyyəli görüşlər və fikir mübadiləsi davam etdiriləcək.
Səfir qeyd edib ki, qarşıdakı səfərlərin əsas məqsədi iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirmək və ikitərəfli əlaqələri yeni mərhələyə çıxarmaqdır.






