"Azərbaycanın kibertəhlükəsizlik reytinqində yüksəlişi bu sahəyə daha ciddi yanaşıldığını göstərir" - ŞƏRH
Azərbaycanın “Milli Kibertəhlükəsizlik İndeksi”ndə 21 pillə irəliləyərək 31-ci yerə yüksəlməsi ölkədə rəqəmsal təhlükəsizlik sahəsində aparılan islahatların, kibermüdafiə imkanlarının və dövlət qurumlarında təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinin göstəricisi kimi qiymətləndirilir. Bu nəticə həm dövlət informasiya sistemlərinin qorunması, həm də vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs “Milli Kibertəhlükəsizlik İndeksi”ndə əldə olunan bu yüksəliş konkret olaraq hansı inkişaflardan xəbər verir və bu nəticə vətəndaşların məlumat təhlükəsizliyinə necə təsir edə bilər?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu irəliləyiş Azərbaycanda kibertəhlükəsizlik sahəsinə sistemli yanaşmanın gücləndiyini göstərir:
“Azərbaycanın “Milli Kibertəhlükəsizlik İndeksi”ndə 21 pillə irəliləyərək 31-ci yerə yüksəlməsi ölkədə kibertəhlükəsizlik sahəsinə son illərdə daha ciddi yanaşıldığını göstərir. Bu nəticə təkcə texniki göstərici deyil, eyni zamanda dövlət qurumlarının, özəl sektorun və təhsil sahəsinin rəqəmsal təhlükəsizlik istiqamətində inkişaf etdiyinin göstəricisidir.
Xüsusilə kiber təhlükələrə qarşı müdafiə sistemlərinin gücləndirilməsi, maarifləndirmə işlərinin artması, yerli mütəxəssislərin yetişdirilməsi və kritik infrastrukturların qorunmasına yönəlik addımlar bu irəliləyişdə mühüm rol oynayır”.

Z.Qasimov qeyd edir ki, bu nəticə vətəndaşların bank əməliyyatları, onlayn ödənişlər və şəxsi məlumatlarının rəqəmsal mühitdə daha təhlükəsiz qorunmasına xidmət edir:
“Bu nəticənin vətəndaşlara təsirinə gəldikdə isə, əsas məqsəd insanların məlumatlarının daha təhlükəsiz qorunmasıdır. Məsələn, bank xidmətləri, dövlət portalları, onlayn ödəniş sistemləri və gündəlik istifadə etdiyimiz rəqəmsal platformalarda təhlükəsizlik standartlarının güclənməsi məlumat sızması və kiber dələduzluq risklərini azaltmağa kömək edir”.
Mütəxəssis vurğulayır ki, kibertəhlükəsizlikdə uğur üçün həm texnologiya, həm də istifadəçilərin kibergigiyena qaydalarına əməl etməsi vacibdir:
“Amma burada vacib bir məqam da var: yalnız dövlət və şirkətlərin təhlükəsizlik tədbirləri kifayət etmir. İstifadəçilərin də kibergigiyena qaydalarına əməl etməsi – güclü şifrələrdən istifadə, fişinq hücumlarına qarşı diqqətli olmaq və şəxsi məlumatları qorumaq – ümumi təhlükəsizlik səviyyəsinə birbaşa təsir edir.
Yəni bu irəliləyiş müsbət göstəricidir, amma kibertəhlükəsizlik davamlı inkişaf tələb edən bir sahədir və həm texnologiya, həm də insan faktoru burada əsas rol oynayır”.
Cəmilə Cəfərzadə






