"Azərbaycan məhsulları Ermənistanda, onların məhsulları isə ölkəmizdə satıla bilər" - POLİTOLOQ
İrəvan və Bakı arasında “vahid bazar”ın yaradılması ideyası iqtisadi əməkdaşlığı gücləndirmək və bölgədə sülhü inkişaf etdirmək məqsədilə müzakirə olunur. Ermənistan parlamentinin sədri Alen Simonyan da bu barədə açıqlamasında 5-10 ildən sonra ermənilər və azərbaycanlılar arasında münasibətlərin normallaşacağını və bir-birinə ticarət ediləcəyini, o cümlədən ortaq bazarında formalaşacağını bildirib. Ancaq bu fikir hələlik yalnız nəzəri müzakirə səviyyəsindədir. Rəsmi Bakı isə məsələdə beynəlxalq hüquq prinsiplərinin prioritet olduğunu bildirir və hələlik konkret addımlar atılmayıb.
İrəvan və Bakı arasında vahid bazarın yaradılması mümkün ola bilərmi?
Politoloq Samir Hümbətov Patrulaz.az -a açıqlamasında bildirib ki, bu, tərəflərin qarşılıqlı razılığına əsasən Azərbaycan məhsullarının Ermənistana, İrəvan məhsullarının isə Bakıya satışını əhatə edəcək:

“Vahid bazar deyəndə çox adam başqa cür başa düşür. Vahid bazar tərəflərin birgə formalaşdırdığı bir bazar ola bilər. Bu isə böyük ehtimalla öz məhsullarını bir və ya bir neçə ölkəyə eyni tarif üzərindən çıxarmaq və ya qarşılıqlı ortaq bazarın yaradılması deməkdir. Bu da tərəflərin razılığı və istəyinə uyğun olaraq məhsulların bir-birinə ötürülməsi, məsələn, Azərbaycanın məhsullarının Ermənistanda, Ermənistan məhsullarının isə Azərbaycanda satışı kimi məsələləri əhatə edə bilər”.
Politoloq əlavə edib ki, bu məsələ barədə danışmaq hələ tezdir və yalnız sülh müqaviləsi imzalandıqdan sonra mərhələlər üzrə həyata keçirilə bilər:
“Ortaq tariflər yaradıla, ortaq istehsal məsələləri gündəmə gələ bilər. Amma bunların hamısı yalnız sülh müqaviləsindən sonra mərhələ-mərhələ həyata keçirilə bilər. Hazırda bu barədə danışmaq hələ tezdir. Lakin bir yol xəritəsi olaraq ortaya qoyula bilər ki, niyyət budur: məsələn, sülh müqaviləsi imzalayacağıqsa, nəticəsi bu cür ola bilər. Yəni, razılaşıb bir bazar yarada, iqtisadi əlaqələr qura bilərik. Diplomatik əlaqə ilə yanaşı iqtisadi əlaqələrin də qurulması mümkündür.
Son olaraq politoqun da qeyd etdiyi kimi, hazırda bu ideya yalnız nəzəri müzakirə səviyyəsindədir və onun reallaşması sülh müqaviləsindən sonra mümkün olacaq. Böyük ehtimalla Alen Simonyanın açıqlamasının məqsədi də bu olub”.
Cəmilə Cəfərzadə






