“Azərbaycanın müəyyən etdiyi yol xəritəsi nəticəyönümlü xarakter qazanmaqdadır” - MİLLƏT VƏKİLİ
“Azərbaycan və Ermənistan arasında müşahidə olunan son proseslər, xüsusən hökumətlərin üstünlük verdiyi ritorika siyasi səviyyədə etimad quruculuğu prosesində müəyyən mərhələnin qət olunduğunu göstərməkdədir. Doha Forumu da daxil olmaqla, bu barədə istər beynəlxalq platformalarda verilən bəyanatlar, istərsə də qarşılıqlı tranzit daşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində praktik addımlar Azərbaycan Prezidentinin təşəbbüsləri üzərində qurulmuş sülh prosesinin reallaşmaqda olan uğurlu elementlərindən hesab oluna bilər”.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Qətərdə keçirilən “Doha Forumu”nda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışını Patrul.az-a şərh edərkən səsləndirib.

“Heç şübhəsiz ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada sülhün dayanıqlılığı xalqlararası inam və etimad quruculuğundan birmənalı asılıdır. Lakin eyni zamanda bu da bir həqiqətdir ki, hökumətlər səviyyəsində siyasi etimad quruculuğu müəyyən məsafə qət etmədən xalqlararası etimad quruculuğunun hər hansı nəticəsi barədə danışmağa dəyməz. Proseslərin gedişi isə göstərir ki, siyasi etimad quruculuğu istiqamətində Azərbaycanın müəyyən etdiyi yol xəritəsi konkret praktik addımlarla müşayiət olunan nəticəyönümlü xarakter qazanmaqdadır və bu isə öz növbəsində sülhün dayanıqlılığı üçün perspektiv vəd edir”,– deyə o əlavə edib.
Ləman Sərraf






