“Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki maddəsiylə bağlı hələ də ümumi razılıq yoxdur” - ŞƏRH OLUNDU
“Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki maddəsiylə bağlı hələ də ümumi razılıq yoxdur. Yəni məsələ qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrə olan müraciətlərin imtina edilməsi və Avropa İttifaqının müşahidə missiyasının regiondan çıxarılması ilə bağlı məsələlərdir. Bu məsələlərlə bağlı hələ ki, hər hansı bir razılıq əldə olunmayıb. Amma razılıq əldə olunsa, belə bu Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı anlamına gəlmir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, rəsmi Bakının sülh sazişinin imzalanması üçün iki şərti var: “Bu şərtlərdən biri Ermənistan konstitusiyasında Azərbaycan ilə bağlı ərazi iddialarında dəyişikliyin edilməsidir. İkincisi isə ATƏT-in Minsk qrupundan imtina edilməsi ilə bağlı ortaq qərarın verilməsidir. Bu məsələlərlə bağlı razılaşma öz həllini tapmadıqca, hər hansı bir sülh sazişinin imzalanması da gözlənilmir. Ermənistan tərəfi maksimum şəkildə sülh sazişinin imzalanması prosesini uzadır və bu fonda da Ermənistan təhlükəsizliyi adı altında sürətli şəkildə silahlanmanı həyata keçirir. Ermənistan konstitusiyasında Ermənistanın müstəqilliyi haqqında bəyannaməsinə istinadlar yer alıb. Həmin bəyannamədə Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları öz əksini tapdığı üçün mütləq şəkildə konstitusiyada dəyişikliklərin olması vacibdir. Əks təqdirdə sülh sazişinin də bir əhəmiyyəti qalmır”.






