“Azərbaycanla ikitərəfli ticarətimiz ötən il 8 milyard dollara çatıb” - Cövdət Yılmaz
Bu gün Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda kexçirilən “2-ci Türkiyə-Azərbaycan İnvestisiya Forumu”nda Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz, Baş nazir Əli Əsədov və ticarət naziri Ömər Bolat iştirak ediblər.
Patrul.az xəbər verir ki, forumda çıxış edən Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz iki ölkənin rəhbərlərinin təşəbbüsü ilə həyata keçirilən iqtisadi əməkdaşlıqdan danışıb:
“Azərbaycanla ikitərəfli ticarətimiz ötən il 8 milyard dollara çatıb. Bu il neft qiymətlərindəki dəyişikliklər və digər amillər səbəbindən bir qədər azalma ola bilər, lakin bu, müvəqqəti xarakter daşıyır. Məqsədimiz prezidentlərimiz tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır. Biz inanırıq ki, buna sizinlə və biznes icmamızla birlikdə nail olacağıq. Bu kontekstdə Azərbaycanla güzəştli ticarət müqaviləmizi genişləndirdik və onun 2024-cü ildə qüvvəyə minməsini təmin etdik. Biz inanırıq ki, bu, ticarətimizi daha da gücləndirəcək. Bundan əlavə, azad ticarət müqaviləsinin imzalanması imkanlarını araşdırmaq üçün araşdırma başlatmışıq”.
Vitse-prezident iki ölkənin liderlərinin təşəbbüsü ilə həyata keçirilən iqtisadi əməkdaşlığın önəmini vurğulayıb:
“Məqsədimiz güclü Türkiyə, güclü Azərbaycan və sülh, sabitlik və çiçəklənmə ilə xarakterizə olunan bir regiondur. Siyasi sabitlik dəyərli iş adamları üçün ən böyük təminatdır. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin dostluğu və qardaşlığı, millətlərin qardaşlığı kimi, bizə böyük imkanlar təqdim edir. Arxamızda çox güclü siyasi iradə var. Bizim vəzifəmiz bu iradəni konkret layihələrə və fəaliyyətlərə çevirməkdir”.
Yılmaz Türkiyədən Azərbaycana birbaşa investisiyaların təxminən 18 milyard dollara, Azərbaycandan Türkiyəyə isə 21 milyard dollara yaxın olduğunu qeyd edib və qarşılıqlı investisiyaların ticarət üçün möhkəm infrastruktur yaratdığını vurğulayıb. O, investorları daha çox əməkdaşlığa, birgə layihələr həyata keçirməyə və üçüncü ölkələrdə də investisiyalar qoymağa çağırıb:
“Xahiş edirik daha çox investisiya qoyun, əməkdaşlıq edin. Yalnız qarşılıqlı investisiyalarla kifayətlənməyin, üçüncü ölkələrdə də birgə layihələr həyata keçirin. Biz buna hazırıq”.
Vitse-prezident həmçinin podratçılıq sahəsində Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələrdən danışıb:
“Bu günə qədər türk podratçıları Azərbaycanda 21 milyard dollar dəyərində 558 layihə həyata keçiriblər. Bu, bizim həqiqətən qürur duyduğumuz bir göstəricidir. Onların Azərbaycana, xüsusən azad edilmiş ərazilərə yatırdığı investisiyalar olduqca dəyərlidir.”
Zəngəzur bağlantısının açılmasının Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldəcəyini qeyd edən Yılmaz, Azərbaycanın enerji sektorunda və qeyri-neft sahələrində apardığı transformasiyaya da toxunub:
“Biz Azərbaycanın həm regional, həm də qlobal miqyasda əhəmiyyətli rol oynadığı enerji sektorundakı transformasiyasını minnətdarlıqla izləyirik. Azərbaycan, biz və dünya qalıq yanacaqların tədricən azalacağını və enerji siyasətlərinin dəyişəcəyini yaxşı bilirik. Bunu anlayan Azərbaycan bərpa olunan enerjiyə əhəmiyyətli investisiyalar qoyur. Biz bu yanaşmanı dəstəkləyirik”.
Qeyd edək ki, forum çərçivəsində iş dünyasının müxtəlif sektorlarının nümayəndələrinin iştirakı ilə iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə və regionun sabitliyinə töhfə verilməsi məqsədi ilə müzakirələr aparılıb.






