"Azərbaycanla iqtisadi və mədəni bağlarımız düşündüyümüzdən daha genişdir" - Latviya Prezidenti
“Latviya Azərbaycanla əməkdaşlıq etməyə, ticarət əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır. Tarixə nəzər salsaq görərik ki, Bakı neft hasil edən ölkəyə çevrilən zaman – XIX əsrin sonu, XX əsrin əvvəllərində bir çox latviyalılar artıq burada mühəndis və müəllim kimi iş tapıb işləyiblər. Bizim həm iqtisadi, həm də mədəni bağlarımız düşündüyümüzdən daha böyük və daha genişdir”.
Patrul.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı deyib.
O, Azərbaycanı regionda “əsas ticarət tərəfdaşı” adlandırıb:
“Hesab edirəm ki, təlatümlərin baş verdiyi bir vaxtda – Avropa və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam – biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas ticarət tərəfdaşı olub və olmağa davam edəcəkdir. Müzakirələrimizin əsas hissəsi iqtisadi və ticarət əlaqələrinə həsr olunmuşdur”.






