“Azərbaycanla Küveyt arasında diplomatik münasibətlər 30 ildən çoxdur qurulub“ - ŞƏRH
“İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanla Küveyt arasında da diplomatik münasibətlər 30 ildən çoxdur qurulub. İkitərəfli əlaqələrlə yanaşı, İƏT, BMT, Qoşulmama Hərəkatı, OPEC+ kimi təşkilatlar çərçivəsində də yüksək səviyyəli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşıb”.
Bu fikirləri Patrulaz.az-a Azərbaycan-Küveyt arasında imzalanan bəyannaməni şərh edən Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, Küveyt hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:
“Hətta Ermənistanın işğal siyasəti dövründə də müstəqil dövlətin əleyhinə təcavüz Əl Küveyt tərəfindən daim pislənib, azərbaycanlı məcburi köçkünlərə dəstək göstərilib. Küveyt Azərbaycanı beynəlxalq müstəvidə dəstəkləyən ölkələrdən biridir.
Parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Hər iki ölkənin parlamentlərində dostluq qrupları yaradılıb. Deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda mütəmadi görüşlər zamanı aparılan müzakirələr ümumi məqsədlərə xidmət edir”.
“Hesab edirəm ki, əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasında imzalanan Birgə Bəyannamə də ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə verəcək. Tərəflər eyni zamanda ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəliblər. Həmçinin enerji sferasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Məlum olduğu kimi, 2024-2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası-Azərbaycan Respublikası birgə iş planını həyata keçirmək niyyətini də açıqlayıb. Ümumiyyətlə, son illər Körfəz ölkələri ilə Azərbaycan arasında ti¬carət əlaqələri möhkəmləndirilir. Hesab edirəm ki, körfəz ölkələri ilə yüksək səviyyəli əlaqələr bütün tərəflərin marağındadır”,- deyə o əlavə edib.
Ləman Sərraf