“Azərbaycanla Mərkəzi Asiyanı çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq və həmrəylik birləşdirir” – DEPUTAT
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət olunması artıq ənənəvi hal alıb. Amma Daşkənddə keçirilən 7-ci görüşdə Azərbaycanın bu platformaya tam hüquqlu üzv qəbul olunması məsələsi öz həllini tapdı. Bu gün Mərkəzi Asiyanı Azərbaycandan ayırmaq qeyri-mümkündür. Azərbaycanla Mərkəzi Asiyanı çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq və həmrəylik birləşdirir. Müstəqilliyə qovuşduğumuz vaxtdan sonra ölkələrimiz arasında əlaqələr nəinki qorunub saxlanılıb, həm də strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilərək yeni bir ruh verilib. Azərbaycan və Mərkəzi Asiyanı Xəzər dənizi fiziki olaraq bir-birindən ayırsa da, digər tərəfdən birləşdirir”.
Bu sözləri Patrul.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, qloballaşan dünyada bizim bir olmağımız həm dövlətlərimiz, həm də Asiya və Avropa üçün vacibdir:
“Çünki Azərbaycan və Mərkəzi Asiya ümumilikdə Asiya və Avropa arasında körpü rolunu oynayır. Təbii ki, Azərbaycanın ərsəyə gətirdiyi tranzit nəqliyyat dəhlizləri yaratdığımız bu körpünün əhəmiyyətini günü-gündən artırır. Belə ki, Xəzər dənizində ən böyük gəmi donanması, 25 milyon ton yük aşırma gücünə malik Ələt Beynəlxalq Ticarət Dəniz Limanı, yükkeçirmə qabiliyyəti 5 milyon ton olan Bakı–Tbilisi–Qars dəmir yolu, açılışın birinci mərhələsində 15 milyon tondan çox yükün daşınması proqnozlaşdırılan Zəngəzur dəhlizi, 9 beynəlxalq hava limanı və regionun ən böyük karqo hava donanması ilə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə qədim İpək Yolunu bərpa edərək Orta Dəhliz yaratmışdır. Bu, təkcə yüklərin daşınmasında deyil, müasir rəqəmsal dəhliz və enerji dəhlizləri ilə də daha da möhkəmlənir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ikitərəfli formatda müttəfiqlik haqqında sənədlər imzalamış və birgə investisiya şirkətləri təsis etmişdir. Birgə investisiya şirkətləri həm ölkələrimizə ikitərəfli şəkildə, həm də üçüncü ölkələrə birgə investisiya layihələrinin icrasında iştirak edərək münasibətlərimizdə yeni bir səhifə açıb”.
O vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir çox beynəlxalq platformalarda iştirak edir:
“Dostluğumuz və qardaşlığımız beynəlxalq platformalarda mövqelərimizi möhkəmləndirir.
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü platformasının tam hüquqlu üzvü oldu. Bu platformanın əsas məqsədi region ölkələrini bir araya gətirərək ortaq problemlərin həlli və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya vahid region olaraq səslənəcək. Bu platformada əməkdaşlığın əhəmiyyəti haqqında danışanda bir sıra məqamlar ön plana çıxır: regional sabitliyin möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, su və ekologiya məsələlərinin həlli, xarici siyasətdə vahid mövqenin formalaşdırılması, ənənəvi dostluq və qarşılıqlı etimadın möhkəmləndirilməsi. Çünki bu məsələlər həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda inkişaf və təhlükəsizliyin təmin olunması üçün çox vacibdir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri platformasında iştirak etməsi regionumuzun gələcəyi ilə bağlı məsələlərdə yaxından iştirak etmək və təşəbbüslər irəli sürmək imkanı yaradacaq. Bu format ölkələr arasında qarşılıqlı etimadı, siyasi sabitliyi, iqtisadi inteqrasiyanı və regional birliyi gücləndirir”.
Ləman Sərraf






