Babək prospektində qapaqsız lyuk sürücülər üçün ciddi təhlükə yaradır - VİDEO
Babək prospektində kanalizasiya qapağının olmaması nəqliyyatın sıx hərəkət etdiyi bu ərazidə sürücülər üçün real təhlükə mənbəyinə çevrilib.
Patrul.az xəbər verir ki, prospekt boyunca gündəlik olaraq minlərlə avtomobilin hərəkət etdiyini nəzərə alsaq, yolun ortasında açıq qalan lyukun qəza ehtimalını xeyli artırdığı aydın görünür.
Sürücülər bildirirlər ki, xüsusilə axşam saatlarında və ya hava şəraiti zəiflədikdə qapağı olmayan kanalizasiya quyusunu görmək çətin olur. Bu isə təkərin quyunun içinə düşməsi, avtomobilin zədələnməsi və daha ağır hallarda idarəetmənin itirilməsi ilə nəticələnə bilər.
Sakinlər və yol istifadəçiləri qeyd edirlər ki, problemin uzun müddətdir həll olunmaması narahatlıq yaradır. Onların sözlərinə görə, intensiv nəqliyyat axını olan Babək prospektində belə bir təhlükənin mövcudluğu qəza hadisələrinin qaçılmaz olmasına səbəb ola bilər.
Sürücülər aidiyyəti qurumlardan qapağın təcili şəkildə bərpa edilməsini və yolun təhlükəsiz şəraitə gətirilməsini xahiş edirlər.






