Bakı Avrasiya Universitetinin tələbələri imtahan cədvəlindən NARAZIDIRLAR
Bakı Avrasiya Universitetində imtahan cədvəli ilə bağlı tələbələr narahatlıqlarını ifadə edirlər. Belə ki, imtahanlar arasında kifayət qədər intervalın olmaması tələbələrin narazılığına səbəb olub.
Tələbələr Patrulaz.az-a bildirdib ki, imtahan günləri ardıcıl təyin edilir, hətta bəzən bir gündə iki imtahan verənlər belə olur. Məsələn, imtahan tarixləri arasında heç bir gün ara olmadan 27, 28, 30, 31 yanvar və 2 fevral kimi sıx qrafiklə üzləşənlər, bu yükün öhdəsindən gəlməyin çətin olduğunu vurğulayırlar. Onların fikrincə, universitet bu qrafiki tərtib edərkən tələbələrin yüklənməsini nəzərə almır və bunun nəticəsində gecələr yuxusuz qalaraq hazırlaşmaq məcburiyyətində qalırlar.
Xüsusilə qiyabi təhsil alanlar üçün bu vəziyyət daha da çətinləşir.
Onlar universitet rəhbərliyindən bu məsələyə yenidən baxılmasını, imtahanlar arasında kifayət qədər interval qoyulmasını və hər gün ard-arda imtahan verilməsinin qarşısının alınmasını xahiş edirlər.