Bakı-İrəvan sülh sazişinin imzalanması tezləşə bilərmi? - DEPUTAT ŞƏRHİ
Avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə Birgə Sülh Bəyyannaməsinin imzalanmasından sonra Bakı-İrəvan münasibətlərində mühüm irəliləyişlər əldə olunub. Belə ki, Azərbaycanın Ermənistana qoyduğu mühum tələb – ATƏT-in Minsk Qrupunun ləğvi sentyabrın 1-də gerçəkləşdi. Hazırda isə sazişi məsələsi gündəmin əsas mövzularından biridir. Azərbaycan tərəfi müqaviləni imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin görünən odur ki, yekun qərar qarşı tərəfin mövqeyindən asılı olacaq.
Bəs Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması tezləşə bilərmi?
Bu barədə Patrulaz.az-a açıqlamasında deputat Ceyhun Məmmədov öz fikirlərini bölüşüb.
Deputatın sözlərinə görə hər iki ölkənin sülh müqaviləsini imzalamağa hazır olduğu, lakin Azərbaycanın Ermənistandan tələb etdiyi konstitusiya dəyişikliyini Ermənistan yerinə yetirdikdən sonra bu sülh müqaviləsi imzalana biləcəyini bildirib:
“Hesab edirəm ki, bu məsələ təkcə Azərbaycandan deyil, həm də Ermənistandan asılıdır. Yəni, Ermənistanda proseslərin hansı formada və qaydada inkişaf etməsindən birbaşa asılı məsələdir. Azərbaycan bu gün də sülh müqaviləsini imzalamağa hazırdır. Burada artıq Ermənistanın buna hazır olması vacibdir. Ermənistan sülh müqaviləsini imzalamalıdır. Düşünürəm ki, İrəvan da sülh müqaviləsini imzalamağa hazırlaşır. Sadəcə, Azərbaycanın tələbi konstitusiya dəyişikliyidir ki, Ermənistan bu dəyişikliyi etməlidir. Bu dəyişikliyin baş verdikdən sonra biz konkret addımların atıldığını görəcəyik. Düşünürəm ki, bu bir müddət çəkəcək. Yəni, Ermənistanda seçkilər keçirildikdən sonra konstitusiya dəyişikliyi məsələsinə baxılacaq və ondan sonra müqavilə imzalanacaq”.

C. Məmmədov Ermənistanın sülh müqaviləsini qısa vaxtda tezləşdirməsini istədiyi üçün seçkilər prosesini bir qədər irəli çəkmək istədiyinidə vurğulayıb:
“Ola bilər ki, Ermənistanda ehtimal zəif olsa da, seçkilər bir qədər irəli çəkilsin. Seçkilər irəli çəkildiyi təqdirdə, sülh müqaviləsinin imzalanması da baş verə bilər. Bugün bizim gördüyümüz odur ki, Ermənistanda bu proseslər sürətlənir. İrəvan da istəyir ki, sülh müqaviləsini qısa vaxtda imzalasın. Ancaq bunun üçün həmin məsələnin hüquqi tərəfinin həll olunmasına ehtiyac var”.
Qeyd edək ki, Millət vəkilinin də vurğuladığı kimi, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması hər iki tərəfin hazırlığından asılıdır. Azərbaycan imzalamağa hazırdır, Ermənistan isə konstitusiya dəyişikliyini yerinə yetirdikdən sonra müqavilənin imzalanması mümkün olacaq. Proseslərin sürəti isə Ermənistanın seçki və hüquqi prosedurlarına bağlıdır.
Cəmilə Cəfərzadə






