Bakı-Qazax yolunda qaranlıq təhlükəsi: Qovlar hissəsində işıqlar uzun müddətdir yanmır - VİDEO
Patrulaz.az xəbər verir ki, Bakı – Qazax magistral yolunun Tovuz rayonu, Qovlar şəhərindən keçən hissəsində yerləşən işıq dirəkləri uzun müddətdir istifadəsiz vəziyyətdə qalıb.
Yolboyu yüzlərlə işıq dirəyi quraşdırılsa da, heç birində işıqlandırma sistemi aktiv deyil. Nəticədə bu hissədə qaranlıqda hərəkət edən sürücülər üçün real təhlükə yaranır.
Sakinlərin və sürücülərin sözlərinə görə, yolun bu vəziyyətdə qalması dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Bəzi hallarda bu qəzalar ölümlə nəticələnib.
Qovlar sakinləri bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, lakin indiyə qədər heç bir nəticə əldə olunmayıb:
“Yol boyu dirəklər var, amma bir dənə də işıq yanmır. Axşam saatlarında bu yolun görünüşü bərbad olur, hər an kiminlənsə toqquşmaq, qəza törətmək riski var.”
Maraqlıdır ki, işıqlandırma dirəkləri tam şəkildə quraşdırılsa da, elektrik enerjisi bağlantısı və texniki təminat yoxdur. Bu isə göstərir ki, layihə ya yarımçıq qalıb, ya da tam istismara verilməyib.
Qaranlıq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükəsizlik qaydalarının təmin olunmaması həm sürücülərin, həm də piyadaların həyatını risk altına qoyur.






