Bakı-Tbilisi qatarının bərpası regionda nələri dəyişəcək? - Deputatdan AÇIQLAMA
Pandemiya dövründə dayandırılan Bakı-Tbilisi-Bakı qatar reysinin yenidən bərpa olunması həm Azərbaycan-Gürcüstan münasibətləri, həm də regionda nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm hadisə hesab olunur.
Xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların illərdir gözlədiyi bu qərar onların gediş-gəliş imkanlarının asanlaşmasına, ailə və sosial əlaqələrinin daha rahat qurulmasına şərait yaradır.
Bu addım iki ölkə arasında münasibətlərə necə təsir göstərəcək?
Patrul.az mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamovun fikirlərini öyrənib.
O qeyd edib ki, quru yollarının açılması çoxdan gözlənilən bir məsələ idi:
“Bu gözlənilən amilə Bakı-Tbilisi-Bakı sərnişin qatarı reysinin bərpası da daxildir.
Marşrutun fəaliyyətinin dayanmasının şübhəsiz ki, bir neçə səbəbləri var idi. Bu ilk növbədə milli təhlükəsizlik məsələsi ilə birbaşa bağlıdır. Beynəlxalq düzəndə hökm sürən qeyri-müəyyənlik, habelə region ölkələrinin müharibə vəziyyətində olması bu qərarların alınmasına və müddətin uzadılmasına gətirib çıxarırdı”.

Müsahibimiz düşünür ki, bu istiqamətdə Azərbaycan bir çox amilləri geridə qoymağı bacarıb:
“Çünki dövlətimizin yürütdüyü qətiyyətli siyasət, habelə praqmatik yanaşma artıq öz konkret nəticəsini verir. Azərbaycan o gücdə dövlətdir ki, təhlükəsizliyini təmin təmin etməyə qadirdir. Cənab Prezident İlham Əliyev hər zaman fikirlərində bildirir ki, daxildən Azərbaycana heç bir risk və təhdid yoxdur, bütün risklər və təhdidlər kənardandır. Lakin Azərbaycan bütün bu təhdidləri də, riskləri də neytrallaşdırmağı bacarıb”.
Bu qərarın alınmasının həm Gürcüstan-Azərbaycan münasibətlərinə müsbət təsir edəcəyini, həm turizmi təşviq edəcəyini, habelə bölgə xalqlarının inteqrasiyasını sürətləndirəcəyini vurğulayan A.Badamov əlavə edib:
“Çünki əsas amil bölgəyə dayanıqlı sülhün gətirilməsidir. İqtisadi əlaqələrin genişlənməsi şübhəsiz ki, mübadilə və mübadilənin intensivləşməsi deməkdir. Bu da dövlət institutlarından çıxaraq artıq özəl sektora, biznes mühitinə və fərdi qaydada vətəndaşlara keçiddir ki, bax bu amilin özü dayanıqlı məqsədlərə xidmət edir.
Qərarın siyasi, iqtisadi, turizm imkanları baxımından əhatə dairəsi olduqca genişdir. Bu baxımdan həmin bu bərpa sadəcə iki ölkə üçün deyil, bütövlükdə region üçün son dərəcə müsbət hadisədir”.
Ləman Sərraf






