media-img_2229

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Patrulaz.az-a səfərin hər iki ölkə üçün əhəmiyyəti barədə şərh edib:

“Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri Bakı və Budapeşt arasında münasibətlərin yeni mərhələsi hesab olunmalıdır. Məlumdur ki, Macarıstan və Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edib, ötən dövr ərzində prezidentlər səviyyəsində 8, hökumət başçıları səviyyəsində 7, parlament sədrləri səviyyəsində 5, xarici işlər nazirləri səviyyəsində isə 19 olmaqla, ümumilikdə 39 qarşılıqlı səfər həyata keçirilib. Habelə bir sıra beynəlxalq platformalarda ölkələrimiz istisnasız olaraq bir-birinin maraq və mənafelərinin ifadə olunduğu mövqeyi dəstəkləyib. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri hazırda da böyük uğurla inkişaf etməkdədir. Təbii ki, ortaq tarixi köklər dövlət başçılarının mətbuata birgə bəyanatlarında da ifadə etdikləri kimi, bir sıra oxşarlıqlar münasibətlərin perspektivinə önəmli təsir göstərməkdədir. Lakin heç şübhəsiz ki Bakı və Budapeşti yaxınlaşdıran əsas amil liderlərin etibarlı tərəfdaşlıq mühitini qura bilməsidir”.

media-7b214583-1664-4491-bd67-3b1d93bc89ec
Millət vəkili Macarıstanın Baş naziri Viktor Orbanın ifadə etdiyi kimi, ötən dövr ərzində bu ölkənin qarşılaşdığı istənilən sahədə-diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə istənilən çətinlik zamanı Prezident İlham Əliyev Macarıstanın yanında olduğunu bildirib:
“Bu gün Budapeştdə Azərbaycana güvənilir strateji tərəfdaş, cənab İlham Əliyevə isə macarların ən çətin günlərinin güvənc yeri kimi baxılır. Sevindirici haldır ki, qlobal gərginliklərin artdığı və ziddiyyətlərin dərinləşdiyi bir məqamda Azərbaycan və Macarıstan münasibətləri yüksələn xətt üzrə inkişaf tempini qoruya bilmiş və cənab İlham Əliyevin də ifadə etdiyi kimi, liderlər arasında Budapeşdə baş tutan danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha aydın oldu ki, bir çox məsələlər üzrə mövqeyimiz tam mənada üst-üstə düşür. Bildiyiniz kimi, möhtərəm Prezidentin işgüzar səfəri Macarıstanda TDT-nin dövlət başçılarının qeyri-rəsmi iclası çərçivəsində baş tutub. Macarıstanın müşahidəçi statusuna baxmayaraq Zirvəyə ev sahibliyi etməsi heç şübhəsiz ki bu təşkilatın fəaliyyət miqyasını və potensialının güclənmə perspektivlərindən qaynaqlanır”.

“Sirr deyil ki, qeyd olunan situasiya Azərbaycanın maraqları ilə tam üst-üstə düşür. Belə ki möhtərəm Prezident ötən ilin fevral ayının 14-də andiçmə mərasimində xarici siyasət kursumuzun əsas istiqaməti kimi Türk dünyası ilə əməkdaşlığı göstərmişdi. Üstəlik Azərbaycan öz nümunəsində göstərib ki, türk dövlətləri ilə əməkdaşlığın dərinləşməsi və TDT-nin qlobal miqyasda çəkisinin artırılması yalnız bəyanatlarla mümkün deyil. Budapeşdə TDT-nin dövlət başçılarının qeyri-rəsmi iclasında Prezident İlham Əliyevin Azərbaycanın bu təşkilatın üzvləri ilə əlaqələrə verdiyi önəmi iqtisadi, ticari və investisiya statistikasında açıqlması, o cümlədən həm həmin çıxışında, həm də cənab Orbanla bərabər mətbuata birgə bəyanatında çox korrekt və açıq şəkildə mövqe ifadə etməsi bu reallığı bir daha üzə çıxardı”,- deyə o sözlərinə əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər