media-mehkeme-qadin

Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib. 

Patrul.az xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü Rafiq yaşadıqları evdə arvadı Sona (adlar şərtidir – red.) ilə mübahisə edib.

Şəxsi münasibətlərin pozulması zəminində baş vermiş ailə münaqişəsi zamanı əli və ayağı ilə arvadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Rafiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rafiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sona ilə aralarında mübahisə olub: “Məlum hadisə günü, saat 19 radələrində arvadıma zərbələr vurdum. Törətdiyim əməldən peşman olmuşam”.

Zərərçəkmiş Sonanın sözlərinə görə, 2022-ci ildə Rafiq ilə rəsmi ailə həyatı qurub, birgə nikahdan 1 azyaşlı övladı var:

“Hadisə günü, saat 19 radələrində yaşadığımız evdə olduğum zaman Rafiq ilə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb Rafiqin evə daxil olduqdan sonra başındakı papağı azyaşlı oğlan övladımın başına qoyması, mənim isə həmin papağı çıxartmağım olub. Mübahisə zamanı Rafiq əsəbləşərək əli və ayağı ilə qəsdən vuraraq mənə bədən xəsarəti yetirdi. Hadisə yaşadığımız evdə baş verib və həmin vaxt orada heç kim olmayıb. Rafiqə qarşı heç bir şikayətim və tələbim yoxdur”.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. (Demokrat.az)


Bənzər xəbərlər