media-inshot_20251205_202003724

Son vaxtlar paytaxtda restoran və kafe sektorunda qiymət artımı ilə yanaşı porsiyaların kiçilməsi də müzakirə olunan mövzulardan biridir. İstehlakçılar xüsusilə səhər yeməklərində əvvəlki ilə müqayisədə həm bahalaşma, həm də porsiya azalması ilə qarşılaşdıqlarını bildirirlər.

Bəs bu bahalaşma nə ilə bağlıdır və restoran sektorunda belə tendensiyanın əsas səbəbləri nələrdir?

Bu barədə iqtisadçı Rəşad Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, rəsmi statistikaya görə, 2025-ci ilin ilk 10 ayında iaşə xidmətlərində qiymətlər 5.4% artıb:

“İlk növbədə onu qeyd edim ki, mən bu sahə üzrə diaqnostika apara bilməmişəm. Buna görə də porsiyaların azalması ilə bağlı hər hansı rəsmi məlumatım və ya təhlil nəticəm yoxdur. Amma qiymətlərin artımı məsələsinə gəldikdə isə, bəli, rəsmi statistik məlumatlarda görünür ki, iaşə xidmətləri üzrə qiymətlər 2025-ci ilin ötən dövründə, yəni 10 ay ərzində 5.4% bahalaşıb. Bu, kifayət qədər ciddi göstəricidir, baxmayaraq ki, ölkə üzrə orta inflyasiya səviyyəsindən aşağıdır. Lakin qiymət artımı aspektindən yanaşdıqda, bu, yenə də əhəmiyyətli rəqəmdir”.

media-inshot_20251205_201531495

İqtisadçının sözlərinə görə, iaşə sektorunda qiymət artımı əsasən qida məhsullarının bahalaşması, əməkhaqqı fondu və icarə xərclərinin yüksəlməsi ilə bağlıdır:

“Qiymətlərin artmasının bir neçə səbəbi var. İlk növbədə, qida məhsullarının ciddi şəkildə bahalaşmasını qeyd etmək lazımdır. Eyni dövr ilə müqayisədə 2025-ci ilin 10 ayında qida məhsullarında təxminən 8% artım qeydə alınıb. Bu isə təbii olaraq iaşə xidmətləri sahəsində istehsal xərclərinin və məhsulun maya dəyərinin yüksəlməsinə gətirib çıxarır.

Digər tərəfdən, əməkhaqqı fondunun artması və icarə xərclərinin yüksəlməsi də mühüm rol oynayır. 2025-ci ildə ölkədə orta aylıq əməkhaqqı ötən 9 ay ərzində təxminən 9.5% artıb və bu artım, dolayısı ilə, bütün istehsal sahələrində, o cümlədən iaşə sektorunda xidmət xərclərini yüksəldərək qiymətlərə təzyiq göstərir. Paralel olaraq, icarə xərclərində də bahalaşma müşahidə olunur, çünki daşınmaz əmlak hazırda ən sürətlə bahalaşan aktivlərdən biridir. Bu proses, təbii olaraq, icarə qiymətlərinin yüksəlməsinə, nəticə etibarilə isə iaşə xidmətlərində qiymət artımına səbəb olur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər