media-inshot_20260512_133753235

“Bank kartlarından istifadə edərkən ən böyük səhvlərimiz adətən texniki boşluqlardan deyil, “insan faktoru” dediyimiz diqqətsizlik və həddindən artıq güvəndən qaynaqlanır”.

Bu fikirləri İT mütəxəssisi Elvin Abbasov Patrul.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, dələduzlar çox vaxt tələskənlik hissi yaradaraq bizim rəqəmsal ehtiyatlılığımızı sıradan çıxarırlar:

“Ən çox yayılan xətalar bank kartının ön və arxa tərəfinin şəklini kiməsə göndərmək, SMS vasitəsilə gələn birdəfəlik təsdiq kodlarını (OTP) telefonda özünü “bank əməkdaşı” kimi təqdim edən şəxsə demək və ya etibarsız, reklam xarakterli keçidlərlə saxta (fişinq) saytlara daxil olaraq kart məlumatlarını daxil etməkdir. Unutmaq olmaz ki, rəsmi bank əməkdaşı heç vaxt sizdən şifrəni və ya kartın arxasındakı üçrəqəmli CVV kodunu tələb etməz”.

media-inshot_20260512_133533045

Mütəxəssis, təhlükəsizliyi təmin etmək üçün ilk növbədə “rəqəmsal gigiyena” qaydalarına əməl etməyin vacib şərt olduğunu qeyd edib:

“Hər bir ödəniş və ya pul köçürməsi zamanı daxil olduğunuz saytın ünvanını (URL) diqqətlə yoxlamalı, ictimai Wi-Fi şəbəkələrindən istifadə edərkən bank əməliyyatları aparmamalı və mobil bankçılıq tətbiqində ikifaktorlu təsdiqləməni (2FA) mütləq aktivləşdirməlisiniz. Həmçinin, onlayn alış-verişlər üçün əsas kartınızdan deyil, daxilinə yalnız xərcləyəcəyiniz qədər məbləğ yüklədiyiniz “virtual kart”dan istifadə etmək sizi böyük maliyyə itkilərindən sığortalayan ən effektiv üsuldur. Diqqətli olmaq və hər şübhəli zəngdə əlaqəni kəsib bankın rəsmi nömrəsinə özünüz zəng etmək ən güclü müdafiə xəttidir”.

Ləman Sərraf


Bənzər xəbərlər