media-inshot_20260522_163104033

Son dövrlərdə bank kartları üzərindən aparılan əməliyyatlara nəzarət daha da gücləndirilib. Xüsusilə gün ərzində bir karta fərqli şəxslərdən tez-tez pul köçürülməsi bəzi hallarda bank sistemləri tərəfindən şübhəli əməliyyat kimi qiymətləndirilə və kartın müvəqqəti bloklanmasına səbəb ola bilər. Bu isə vətəndaşlarda həm hüquqi məsuliyyət, həm də mümkün cərimələrlə bağlı suallar yaradır.

Bəs, gün ərzində bir karta fərqli kartlardan tez-tez pul köçürüldükdə kartın bloklanması və ya cərimə tətbiqi hansı hallarda mümkündür və qanunvericilikdə bununla bağlı hansı məsuliyyət nəzərdə tutulur?

Bu barədə vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, banklar şübhəli və intensiv pul köçürmələrini çirkli pulların yuyulmasına qarşı nəzarət çərçivəsində riskli əməliyyat sayaraq hesabı müvəqqəti bloklaya və vəsaitin mənbəyini təsdiqləyən sənədlər tələb edə bilər:

“Fiziki şəxsin şəxsi bank kartına gün ərzində fərqli mənbələrdən mütəmadi və intensiv vəsaitlərin daxil olması, bank hüququ və compliance (uyğunluq) prinsipləri çərçivəsində hesabın təyinatından kənar istifadəsi kimi qiymətləndirilərək dərhal risk profili formalaşdırır. Bu halda banklar tərəfindən tətbiq edilən hesabı dondurma və ya bloklama tədbiri birbaşa pul cəriməsi-sanksiya olmayıb, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn preventiv prosessual qətimkan tədbiridir. Qanunvericiliyə görə, “Banklar haqqında” Qanunla qorunan bank sirri rejimi mütləq xarakter daşımır; daxili nəzarət sistemləri belə anomal hərəkətliliyi şübhəli əməliyyat indikatoru kimi qeydə aldıqda, bank Müştərini tanı-prinsiplərinə əsasən vəsaitlərin qanuni mənbəyini (borc, hədiyyə, miras və s.) təsdiq edən sənədləri tələb etmək və mənbə sübuta yetirilməyənə qədər hesabı məhdudlaşdırmaq hüququna malikdir”.

media-inshot_20260522_163007084

R.Qaraşov qeyd edir ki, şəxsi kartın sahibkarlıq fəaliyyəti üçün istifadəsi vergidən yayınma kimi qiymətləndirilə və nəticədə əlavə vergi, faiz və cərimə tətbiq oluna bilər:

“Məsələnin maliyyə sanksiyaları və hüquqi məsuliyyət tərəfi isə bank müstəvisində deyil, bu köçürmələrin arxasında latent (gizli) kommersiya fəaliyyətinin dayanması sübuta yetirildikdə – yəni vergi qanunvericiliyi pozulduqda yaranır. Şəxsi kartlardan onlayn ticarət, xidmət göstərilməsi və ya digər sahibkarlıq məqsədləri üçün istifadə edilməsi Vergi Məcəlləsi kontekstində vergitutma obyektinin gizlədilməsi (vergidən yayınma) faktını formalaşdırır və bu hal aşkarlanarsa, bəyan edilməmiş gəlirlər üzərindən əsas vergi məbləği bərpa olunur, gecikdirilmiş günlər üçün faizlər hesablanır və gizlədilən vergi məbləğinin 100 faizi həcmində maliyyə sanksiyası (cərimə) tətbiq edilir”.

Vəkilin sözlərinə görə, müəyyən həddi aşan vergi yayınması cinayət məsuliyyəti yarada bilər:

“Əgər bu formada qeyri-qanuni dövriyyə və ya dövlət büdcəsinə vurulmuş ziyanın həcmi Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əhəmiyyətli miqdar limitini – keçərsə, əməl inzibati müstəvidən çıxır və subyekt barəsində qanunsuz sahibkarlıq və ya vergi ödəməkdən yayınma maddələri ilə birbaşa cinayət məsuliyyəti qaçılmaz olur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər