Banklar kredit şərtlərini niyə sərtləşdirib? – EKSPERT İZAH ETDİ
Son illərdə banklarda kredit götürmək üçün şərtlər getdikcə sərtləşir. Faizlər yüksək, prosedurlar isə daha qəlizdir. Artıq çoxları kredit götürməkdən çəkinir. Bəs bankların bu strategiyası nəyə hesablanıb?
Mövzu ilə bağlı Patrul.az bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib:
“Bankların strategiyası dedikdə, əsasən Mərkəzi Bankın strategiyası nəzərdə tutulur. Çünki kommersiya bankları təbii olaraq kredit verməkdə maraqlıdırlar və bu, onların əsas gəlir mənbəyidir. Lakin Mərkəzi Bank kreditlərin problemli kreditlərə çevrilməməsində maraqlıdır.
Yəni kredit verildikdən sonra həmin vəsaitin geri qaytarılması təmin olunmalıdır. Əks halda, bu, həm bankın özü, həm də ümumilikdə bank sistemi üçün risk yaradır. Əgər müştəri krediti qaytarmırsa, bank əmanətçilərin pullarını qaytara bilmir və nəticədə müflisləşmə riski yaranır”.
Ekspertin sözlərinə görə, buna görə də banklar kredit verməzdən əvvəl daha ciddi tələblər irəli sürür və müştərinin ödəniş qabiliyyətinə tam əmin olmaq istəyirlər:
“Müştərinin gəliri, kredit tarixçəsi və digər maliyyə göstəriciləri bu prosesdə əsas rol oynayır.
Təbii ki, ölkədə iqtisadi vəziyyət pisləşdikcə vətəndaşların ödəniş qabiliyyəti də aşağı düşür. Bu isə bankları kredit şərtlərini sərtləşdirməyə məcbur edir. Belə şəraitdə risklərin artmaması üçün banklar daha ehtiyatlı davranmağa çalışırlar”.
Ləman Sərraf






