Banklar vətəndaşları gizlicə zamin edir? - AÇIQLAMA
“Azərbaycanda banklar heç bir şəxsi onun xəbəri və razılığı olmadan qanuni şəkildə zamin kimi kreditə əlavə edə bilməz. Zaminlik yalnız şəxsin yazılı razılığı və imzası, yaxud elektron təsdiqi əsasında rəsmiləşdirilir. Qanunvericiliyə görə, zaminlik ayrıca hüquqi öhdəlikdir və yalnız könüllü qəbul edildikdə qüvvəyə minir. Telefon zəngi və ya xəbərdarlıq qanunla məcburi şərt deyil, əsas hüquqi əsas imza və razılıqdır”.
Bu sözləri Patrul.az-a açıqlamasında Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib.
Müsahibimiz qeyd edib ki, bank kredit və ya zaminlik prosesində adətən borcalanın təqdim etdiyi şəxsi məlumatlara əsaslanır:

“Zaminin kredit sənədlərini imzalaması tələb olunur. Praktikada bəzi hallarda vətəndaşlar sənədlərin mahiyyətini tam oxumadan imza atdıqları üçün sonradan gözlənilməz öhdəliklərlə üzləşə bilirlər. “Kredit xətti” və ya oxşar kompleks məhsullar bu riskləri daha da artırır. Əgər şəxs öz xəbərindən kənar zamin kimi göstərildiyini iddia edirsə, ilk addım bankdan rəsmi sənədlərin və imza əsaslarının tələb edilməsidir. Daha sonra imzanın həqiqiliyinə dair şübhə varsa, ekspertiza təyin edilə bilər. Mübahisə həll olunmadığı halda məsələ Mərkəzi Banka və məhkəməyə qədər aparıla bilər. Bu səbəbdən maliyyə sənədlərinə imza atarkən şərtlərin diqqətlə oxunması olduqca vacibdir”.
Ləman Sərraf






