Barmaqlarımız suda niyə qırışır? - Elmi səbəbi açıqlandı
Barmaqların suda qırışması uzun illər maraq doğuran fiziki reaksiya kimi görünsə də, elm adamları bu prosesin əslində bədənin faydalı və “müalicəvi” bir sistemi olduğunu müəyyən ediblər.
Patrulaz.az araşdırmaya əsasən xəbər verir ki, suya bir neçə dəqiqə toxunduqda barmaqlarımızın uclarında yaranan qırışlar sadəcə dəriyə su hopması deyil. Bu həm də bədənin sinir sistemi tərəfindən idarə olunan aktiv bir reaksiya sayılır.
Bəs barmaqlarımız suda niyə qırışır?
Su batırıldıqda sinirlər qan damarlarını daraldır və nətcədə bu dəridəki həcm itkisinə və nəticədə qırışlara səbəb olur. Bu zaman qırışlar təsadüfən əmələ gəlmir. Maraqlı tərəfi də odur ki, əmələ gələn qırışlar bioloji baxımdan faydalı bir məqsədə xidmət edir.
Barmaqların qırışmasının hansı faydalı tərəfi var?
Elm adamlarının araşdırmalarına görə, qırışmış barmaqlar yaş səthləri və obyektləri daha yaxşı tutmağa imkan verir. Yəni, bu dəyişiklik daha yaxşı sürtünmə yaradaraq, əl və barmaq əzələlərinin daha az yorulmasını təmin edir. Bir sözlə, barmaqların qırışması bizi nəm mühitdə daha funksional edir.
Sağlamlıqla nə əlaqəsi var?
Barmaqların suya salındıqdan sonra qırışması həm də sinir və qan dövranı sistemi ilə bağlı vəziyyətlərin göstəricisi ola bilər. Belə ki, qrışma yoxdursa, bu sinir zədələnməsi, diabet, ürək-damar problemi və ya Parkinson kimi xəstəliklərin əlaməti ola bilər. Normadan çox qırışma isə kistik fibroz və bəzi genetik pozuntularla əlaqələndirilə bilər.
Beləliklə, barmaqlarımızın qırışması sadəcə suyun dərini şişirtməsi deyil. Sinir sistemi vasitəsilə aktiv şəkildə tənzimlənən, nəmli şəraitdə hərəkət və tutuş qabiliyyətimizi artırmaq üçün təkamül etmiş bir mexanizm və bədəninizin sağlamlığı haqqında ipucu verən bioloji siqnaldır.
Gülbəniz Səfərova






