Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən tarixi dönüş nöqtəsi idi – Deputat
“1993-cü il iyunun 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək ölkənin idarəçiliyini öz üzərinə götürdü. 1997-ci ildə isə Milli Məclis bu tarixi günü rəsmi bayram – Milli Qurtuluş Günü elan etdi”.
Bu fikirləri Milli Məclisin deputatı, Naqif Həmzəyev 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə Patrul.az-a şərh edərkən səsləndirib.
Deputat bildirib ki,1987–1993-cü illərdə Azərbaycanda siyasi qeyri-sabitlik, silahlı qarşıdurmalar və idarəetmə böhranı ölkəni ciddi təhlükələrlə üz-üzə qoymuşdu:
“Heydər Əliyev 1987-ci ildə sovet iqtidarından ayrılandan sonra Azərbaycanda vəziyyət sürətlə pisləşdi. Ermənistan silahlı qüvvələrinin Qarabağda işğalçılıq siyasəti genişlənir, AXC-Müsavat iqtidarının səriştəsizliyi ölkəni dərin böhrana sürükləyirdi. 1993-cü ilə qədər dövlət əmlakı açıq-aşkar talan edilirdi, qanunsuz silahlı dəstələr ölkənin müxtəlif bölgələrini idarəsizliyə sürükləyirdi, Kəlbəcər işğal edilmişdi, Vətəndaş müharibəsi təhlükəsi real idi.
Ölkə beynəlxalq təcrid vəziyyətinə düşmüşdü.
Prezident ölkədəki real vəziyyətdən bixəbər, hakimiyyət daxilindəki qruplaşmalar isə birincilik uğrunda bir-birinə qarşı mübarizə aparırdı. Azərbaycan dövlət kimi məhv olmaq təhlükəsinin astanasında dayanmışdı”.

N. Həmzəyev qeyd edir ki,1993-cü il 15 İyun tarixində Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpası və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirilir:
“1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. O, yalnız hakimiyyət kürsüsünə oturmadı – həyatını təhlükəyə qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev tarix qarşısındakı məsuliyyətini tam dərk edərək dedi:
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.”
Hakimiyyətə qayıdandan sonra Ulu Öndər bir sıra tarixi addımlar atdı:
Asayiş bərqərar edildi, soyğunçuluğa və əmlak qəsbləriyə son qoyuldu;
Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi;
“Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin təməli qoyuldu;
Konstitusiya qəbul edildi, çoxpartiyalı siyasi sistem formalaşdı;
Beynəlxalq inteqrasiya prosesi başlandı, ölkə dünya birliyinə qoşuldu;
Vətəndaşlara öz dövlətinə inam qaytarıldı”.
Deputatın sözlərinə görə, Ulu Öndərin bütöv Azərbaycan ideyası bu gün ölkənin tarixində xüsusi yer tutur:
“Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. O, Şuşa, Laçın, Ağdam, Kəlbəcər haqqında deyirdi: “Biz onlarsız yaşaya bilmərik.”
Bu arzu 2020-ci il Vətən müharibəsindəki möhtəşəm Zəfərlə gerçəkləşdi. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Bu gün üçrəngli Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə əzəmətlə dalğalanır.
Milli Qurtuluş Günü təkcə tarixi bir tarix deyil – bu, xalqın öz xilaskarını tapdığı, dövlətin yenidən qurulduğu, müstəqilliyin möhkəmləndirildiyi simvolik bir dönüş nöqtəsidir. Prezident İlham Əliyevin dediyi kimi:
“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, onun işığında irəliyə doğru inamla addımlayır”.
Cəmilə Cəfərzadə






