“Bayağı mahnılarla zövqü korlamaq mümkündür, amma hamıda yox” – SOSİOLOQ
“Musiqi zövq məsələsidir, kimin ruhuna nə yaxındırsa onu dinləyir. İnsanın musiqi zövqünə baxaraq onun mədəniyyət dərəcəsini təyin etmək olur, kim nə dinləyirsə, kimi dinləyirsə, onun səviyyəsindədir. Bayağı mahnılarla zövqü korlamaq mümkündür, amma hamıda yox. İnsanlar var ki, onun zövqü dəyişmir, hansı bayağı mahnı çıxırsa çıxsın, onun üçün fərqi yoxdur. İnsanlar var ki, yeni olan bütün mahnılara qarşı qəribə bir acgözlüyü var, nə mənasına, nə səviyyəsinə baxmır, onu oxuyan məşhurdursa, vəssalam”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, toylardakı musiqi zövqsüzlüyü dəhşətli vəziyyətdədir, oxunan, oynanan mahnıları eşidəndə, görəndə, insan səhşətə gəlir: “Biz kim idik, kim olduq? Kimləri dinləyirdik, indi kimləri dinləyirik? Hansı səviyyədən hansı səviyyəyə endik? Bunları müqayisə etdikdə mənzərə aydın olur.
İnsanların retro mahnıları ona görə dinləmirlər ki, həmin mahnılar təbliğ edilmir. Evdə dinlənməsə, uşaqlar necə tanıyacaq? Valideyn klassikləri tanıtmasa, mahnısını övladına dinlətməsə, o uşaq nə biləcək Şövkət Ələkbərova kimdir, Akif İslamzadə kimdir, Tükəzban İsmayılova, Müslüm Maqomayev, Oqtay Ağayev, Rəşid Behbudov kimdir? Biz şanslı idik, onları tanıyan nəsil oldu bizim valideynlərimiz, bizim uşaqlarımızın bəzisi şanslıdır, hansımızın müsiqi zövqü korlanmayıbsa öz övladımıza tanıdırıq, radioda, internetdə dinlədirik.
Efirləri bayağı müğənnilər zəbt etdiyinə görə telekanallarda klassik, retro mahnılar göstərilmir, ümid yalnız radiolara və internetdədir. Xüsusilə vurğulamaq istəyirəm, “Retro FM” bu mənada böyük işlər görür, klassikləri tanıdır. Hər səhər onların efirində səsləndirilən retro mahnılarla başlayıram günə, hətta 5 yaşlı oğlum maşına minən kimi “93.3” dalğasını tapır. Çünki körpəliyindən bəri o dalğadakı musiqilərlə böyüyüb, qulağı aşinadır artıq”.






